Press "Enter" to skip to content

Quzey Makedoniya presedentini unutmaq olmaz

Yeganə Hacıyeva

Son yeniləmə: 5 İyul 2022 14:51

Yeganə Hacıyeva: İsveç və Finlandiya bir an öncə Madrid razılaşmalarına əməl etməlidir

Bayraqdar.info – Xəbər verildiyi kimi Finlandiya və İsveç iyulun 4-də NATO-ya üzv olmaq üzrə danışıqlara başlayıb və bir raundda danışıqları başa vurub. Bu barədə NATO-nun yaydığı bəyanatda deyilir ki, hər iki ölkə iyulun 4-də NATO-nun Madriddə keçirilən sammitində əldə olunan razılaşmaya uyğun olaraq quruma üzv olmaq üzrə danışıqları başa çatdırıb.

Qeyd edək ki, danışıqlar başa çatdıqdan sonra alyans üzrə müttəfiqlər iyulun 5-də NATO-nun mənzil-qərargahında Finlandiya və İsveçin alyansa qoşulması haqqında protokolları imzalamalıdırlar. Növbəti mərhələdə protokollar milli prosedurlara uyğun olaraq ratifikasiya edilməsi üçün NATO ölkələrinə göndəriləcək.

Lakin bu mərhələ ilə bağlı hələ də cavabını axtaran suallar var. Bunların mərkəzində isə “Türkiyə bu mərhələdə bir daha İsveç və Finlandiyaya öz yerini göstərə bilərmi” sualı dayanır.

Bununla bağlı politoloq Yeganə Hacıyevadan bayraqdar.info üçün dəyərləndirmə aldıq.

Həmin dəyərləndirməyə keçməzdən öncə bildirmək yerinə düşər ki, Türkiyə haqlı olaraq Finlandiya və İsveçin NATO-ya üzvlüyünə qarşı çıxırdı. Çünki bu iki ölkə PKK başda olmaqla Türkiyəyə təhlükə törədən terror təşkilatlarına bu və ya digər formada dəstək verir. Cümhurbaşqanı Recep Tayyip Erdoğan dəfələrlə qeyd edib ki, İsveç və Finlandiya NATO-ya üzv olmaq istəyirsə, alyansın üzvü olan Türkiyənin təhlükəsizlik problemlərini nəzərə almalıdır. Baş katib Yens Stoltenberqin timsalında NATO rəhbərliyi də Türkiyənin mövqeyini və qətiyyətini tam haqlı sayır. Məhz buna görə də Madriddə NATO baş katibinin iştirakı ilə Türkiyə Cümhurbaşqanı R.T.Erdoğan, Finlandiya Prezidenti Sauli Niinistö və İsveçin Baş naziri Maqdalena Andersson bir araya gəlib. Birinci turdan sonra tərəflər arasında yaxınlaşma hiss olunsa da tam nəticə əldə edilməyib. Ancaq ikinci tur uğurla nəticələnib.

İkinci turda Finlandiya və İsveç PKK/PYD və FETÖ kimi terror təşkilatlarına dəstək verməyəcəyinə dair üzərinə öhdəlik götürüb. Türkiyə də Finlandiya və İsveçin NATO-ya üzvlüyünə qarşı çıxmayacağını bildirib. Yəni əldə olunan razılıq nəticəsində Türkiyə İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə qarşı veto hüququndan imtina edib. Türkiyə, İsveç və Finlandiya iddiaçı dövlətlərin NATO-ya üzv olmaq üçün müraciətləri ilə bağlı üçtərəfli memorandum imzalayıb. Beləliklə böhranın qarşısı alınmış olub. Bu məsələdə Türkiyənin diplomatiyası, xarici siyasəti və qətiyyəti öz rolunu oynadı. Türkiyə bu məsələdən istədiyini əldə etdi.

Lakin bundan cəmi bir gün sonra istər İsveç, istərsə də Finlandiya rəhbərliyinin terror yanlısı açıqlaması ortaya yuxarıda bəhs etdiyimiz sualı çıxarıb.

Həmin sulaı cavablandıran Yeganə Hacıyeva öncə Quzey Makedoniyanın NATO-ya üzvlüklə bağlı keçdiyi çətin proseduru xatırladıb: “Məlum olduğu kimi, Makedoniyanın keçmiş Yuqoslaviyadan ayrılıb müstəqilliyini elan etdiyi 1991-ci ildən sonra Yunanıstanla davam edən ad problemi, iki ölkə baş nazirlərinin “Prespa” Sazişini imzalamaları ilǝ tarixə qovuşdu. Yunanıstanın Saloniki şəhərinin də daxil olduğu şimal bölgəsinin adı Makedoniya olduğu üçün Afina hesab edirdi ki, Makedonya dövləti onun torpaqlarına iddialıdır. Ona görə də Yunanıstan Makedoniyanın NATO və Avropa Birliyi üzvlüyünə maneə yaradırdı. Bu, uzun illər davam etdi. Nəhayət Makedoniya adının Quzey Makedoniya olmasına razılıq verdikdən sonra problemə son qoyuldu. Bundan sonra Yunanıstan parlamenti Makedoniyanın rəsmi adı ilə bağlı 27 illik müzakirələrə son qoyan müqaviləni təsdiqlədi. Bununla da Makedoniyanın alyansın 30-cu üzvü olması üçün yolu açıldı. Həmin müqavilə ilə Makedoniyanın rəsmi adı Quzey Makedoniya Respublikası oldu”.

Y.Hacıyeva deyib ki, Quzey Makedoniya məsələsini təsadüfən xatırlatmayıb: “Göründüyü kimi, yeni üzv olmaq istəyən ölkənin NATO üzvü olan hər hansı bir ölkə ilə problemi olarsa, o zaman bu üzvlük uzun illər reallaşmaya bilər. Hesab edirəm ki, eyni hal İsveç və Finlandiyanın üzvlüklə bağlı məsələsində də təkrarlana bilər”.

Politoloq qeyd edib ki, bunun baş verməməsi üçün İsveç və Finlandiya Madriddə imzalanmış üçtərəfli memorandumun şərtlərinə əməl etməlidir: “Çünki şərtlərə əməl olunmayacağı təqdirdə Türkiyə bu ölkələrin NATO-ya üzvlüyünü dəstəkləməyəcək. Yəni üzvlüklə bağlı sənədin Türkiyə Böyük Millət Məclisində ratifikasiyası ləngidiləcək. NATO isə Finlandiya və İsveçə görə Avropanın güney sərhədlərinin müdafiəçisi və alyansın həlledici üzvü olan Türkiyə ilə münasibətləri korlamayacaq. Deməli, İsveç və Finlandiya rəhbərliyi bir an öncə Madrid razılaşmalarına əməl etməlidir”.

Mission News Theme by Compete Themes.