Press "Enter" to skip to content

Səfir Zonguldakda silsilə görüşlər keçirib

Səfir Rəad Məmmədov və Zonquldak valisi Mustafa Tutulmaz

Son yeniləmə: 5 İyul 2022 20:06

Bayraqdar.info – Azərbaycanın qardaş Türkiyədəki səfiri Rəşad Məmmədov iyulun 4-də Zonguldak vilayətinə səfər edib və bir sıra görüşlər keçirib.

Bu barədə bayraqdar.info-ya iyulun 5-də səfirlikdən məlumat verib.

Səfir Rəşad Məmmədov Zonquldak bələdiyyəsini ziyarət edib
Səfir Rəşad Məmmədov Zonquldak bələdiyyəsini ziyarət edib

Bildirilib ki, səfir Zonguldak bələdiyyəsini ziyarət edib və bələdiyyə rəhbərliyi ilə keçirilmiş görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin xüsusi əhəmiyyətinə diqqət çəkərək, ikitərəfli münasibətlərin inkişafı üçün bundan sonra da çalışmağa davam edəcəyini bildirib.

Məlumata əsasən, Zonguldak valisi Mustafa Tutulmazla kecirilmiş nəzakət görüşündə iki qardaş ölkə arasında əməkdaşlıq imkanları müzakirə edilib: “Türkiyənin mədən sənayesində qabaqcıl vilayətlərindən olan Zonguldakla Azərbaycanın müvafiq bir şəhəri arasında qardaşlaşmış şəhər münasibətlərinin yaradılmasına dair fikir mübadiləsi aparılıb. Daha sonra səfir valinin müşayiəti ilə Türkiyədə ən zəngin daş kömür yataqlarına malik olan Zonguldakda yerləşən Mədən muzeyi və Kömür təcrübə ocağını gəzərək, onların fəaliyyəti ilə bağlı ətraflı məlumat alıb”.

Səfir Zonquldakda yerləşən Mədən muzeyində
Səfir Zonquldakda yerləşən Mədən muzeyində

 

Bildirilib ki, səfir Rəşad Məmmədov səfər çərçivəsində Zonguldak Ticarət və Sənaye Palatasının İdarə Heyətinin sədri Mətin Dəmirlə də görüş keçirib: “Səfirə Palatanın investisiya qoymaq üçün maraqlı olduğu sahələr barədə məlumat verilib. Səfir R.Məmmədov vilayətdəki iş adamlarina Azərbaycandakı investisiya imkanları barədə məlumat verərək onları xüsusilə işğaldan azad olunmuş Qarabağda aparılan bərpa və yenidənqurma çalışmalarına investiya yatırmağa dəvət edib. Aparılmış müzakirələr nəticəsində əməkdaşlıq fürsətlərinin qiymətləndirilməsi məqsədilə yerli iş adamlarından ibarət heyətin Azərbaycana, azərbaycanlı iş adamlarının isə Zonguldaka səfərinin təşkili ilə bağlı razılıq əldə olunub”.

Səfərdən xatirə fotosu
Səfərdən xatirə fotosu

R.Məmmədov Zonguldak səfəri çərçivəsində Bülent Ecevit Universitetini də ziyarət edərək rektor vəzifəsini icra edən professor Hakan Kutoğlu ilə görüşüb: “Görüşdə Universitetin Azərbaycan universitetləri ilə əməkdaşlıq imkanları, yeni yaradılacaq neft – kimya fakültəsi üçün bu sahədə inkişaf etmiş Azərbaycan universitetlərinin təcrübəsinin öyrənilməsi, tələbə mübadiləsinin genişləndirilməsi məsələləri müzakirə olunub. Səfir Bülent Ecevit Universitetində təhsil almaqda olan azərbaycanlı tələbələrin təhsili ilə də maraqlanıb”.

Mission News Theme by Compete Themes.