Son yeniləmə: 5 İyul 2022 10:06
Bayraqdar.info – Krım tatar xalqının milli lideri Mustafa Abdülcemil Krımoğlu öz həyatından bəhs edən “Mustafa” filminin nümayişinə qatılıb. 2017-ci ildə çəkilən film On5Sıfır7 Film Həftəsi çərçivəsində Beyoğlunda Atlas Sinemasında nümayiş etdirilib.
Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.
Məlumatda deyilir ki, On5Sıfır7 Film Həftəsi Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə 15 İyul Dərnəyi tərəfindən bu il ikinci dəfə reallaşdırılır.
Film nümayişindən əvvəl 15 İyul Dərnəyinin sədri İsmail Hakkı Turunç və On5sıfır7 Film Həftəsinin baş bədii rəhbəri İhsan Kabil çıxış ediblər.
İ.Kabil çıxışında festivalda seçdikləri “Çevriliş – Müqavimət – Azadlıq” mövzusunda 17 film arasından üçünü Krım tatarlarına və Ukraynaya ayırdıqlarını vurğulayaraq, fəxri qonaq kimi M.Krımoğlunu burada qəbul etməkdən şərəf duyduqlarını söyləyib.
Mustafa Abdulcemil Krımoğlu təşəkkür çıxışında Rusiyanın Ukraynaya qarşı başlatdığı total müharibəyə toxunaraq, müharibənin əslində 2014-cü ildə Krımın işğalı ilə başladığını bildirib. Putin rejiminə qarşı müqavimət və mübarizənin davam etdiyini vurğulayan Krımoğlu, “Müqavimət olmadan azadlıq da ola bilməz” deyib.
Çıxışdan sonra ona 15 İyul Dərnəyinin sədri İsmail Hakkı Turunç tərəfindən “251 məktub – 15 iyul şəhidlərinə məktublar” kitabı təqdim olunub.