Press "Enter" to skip to content

Güney Azərbaycanlı tələbələrə pulsuz təhsil

Məcid Cavadi

Son yeniləmə: 5 İyul 2022 02:20

Məcid Cavadi: Azərbaycan dövləti beynəlxalq qaydalara uyğun şəkildə Güney Azərbaycandan olan tələbələrə pulsuz təhsil şəraiti yarada bilər

Bayraqdar.info – “Güney Azərbaycanlılara təhsil təqaüdünün (burs) verilməsi zaman-zaman dilə gətirilən bir arzudur. Biz güneyli fəallar olaraq bunu hər zaman arzu və bəyan etmişik. Sağ olsun Zaur bəy, sizə müsahibəsində bir daha bu məsələni gündəmə gətirib”.

Bunu hazırda ABŞ-da yaşayan soydaşımız Zaur Bayramlının bayraqdar.info-ya müsahibəsində Güney Azərbaycandan olan və Azərbaycan Respublikasında ali təhsil alan tələbələrə təqaüd verilməsinə dair təklifinə münasibət bildirən Güney Azərbaycan Milli Dirəniş Təşkilatının Türkiyə təmsilçisi, eyni zamanda Mərkəzi Şura üzvü olan Məcid Cavadi deyib.

Diaspor fəalından gündəmi silkələyəcək təklif

Hazırda Türkiyədə yaşayan M.Cavadi hesab edir ki, bu təklifin reallaşması Güney Azərbaycanlılara böyük bir dəstək olar: “Çünki hazırda Güneydə bizim ana dilində məktəbimiz yoxdur. Uşaqlarımız, gənclərimiz öz dilimzidə təhsil ala bilmirlər. Əlavə olaraq İranda bizə saxtalaşdırılmış tarix oxudulur. Yəni öz tariximizi, mədəniyyətimizi öyrənməyə imkan və icazə vermirlər. Yad təhsil sistemi tətbiq edilir. Burada təbii olaraq Quzey Azərbaycan, yəni Azərbaycan Respublikası öz dövlətimiz olaraq bizə dəstək ola bilər”.

“Könül istər ki, Güneyli tələbələr Azərbaycan Respublikasının ali təhsil müəssisələrində burslu təhsil alsınlar. Bunu müxtəlif formalarda etmək mümkündür. Yəni dünyada nümunələr var. Məsələn, ölkələr xarici vətəndaşlara burs verirlər. Misal üçün, Türkliyədə “Türkiyə Bursları” proqramı var. Hər il dünyanın müxtəlif yerlərindən minlərlə gənc bu proqramdan yararlana bilir. Azərbaycan Respublikası da bu cür addım ata bilər. İran vətəndaşları olan Güney Azərbaycanlılara burs verilə bilər. Zatən İran özü də beynəlxalq burs verir ki, ondan Azərbaycan Respublikasından olan gənclər də yararlana bilir. Eyni şeyi Azərbaycan Respublikası da İran vətəndaşları olan Güney Azərbaycanlılar üçün edə bilər. Yəni Azərbaycan dövləti beynəlxalq qaydalara uyğun şəkildə Güney Azərbaycandan olan tələbələrə pulsuz təhsil şəraiti yarada bilər”, – deyə M.Cavadi əlavə edib.

Onun sözlərinə görə, sadəcə bu zaman bir seyə diqqət edilməldir: “Çalışmaq lazımdır ki, bu təklif reallaşsa, Güneydən olan gənclərə lazım olan ixtisaslar üçün burs verilsin”.

Mission News Theme by Compete Themes.