Son yeniləmə: 5 İyul 2022 10:53
Bayraqqdar.info – “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş dəyişikliyin 8-ci maddəsinə əsasən din xadimlərinin təyinatı və attestasiyası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin səlahiyyətləri sırasına daxil edilib.
Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, qanunun bu tələbindən irəli gələn məsələlərin icrası məqsədilə “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası” təsdiq olunub və Ədliyyə Nazirliyi tərəfindən Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib: “Qaydalara uyğun olaraq din xadimlərinin təyinatı və attestasiyası üçün müsahibə proqramı tərtib edilib, Müsahibə və Attestasiya komissiyaları formalaşdırılıb, eyni zamanda 24.05.2022-ci il tarixində elan edilmiş İslam dininə aid ibadət yerləri (məscidlər) üzrə vakant vəzifələrə sənəd qəbulu 24.06.2022-ci ildə başa çatıb. Göstərilən müddət ərzində komitəyə ümumilikdə 267 namizəd sənəd təqdim edib”.