Son yeniləmə: 4 İyul 2022 15:29
Bayraqdar.info – Azərbaycanda könüllülük hərəkatının genişlənməsində mühüm rola malik “Könüllü DOST” proqramına bu il daha 534 şəxs cəlb olunub.
Bu barədə bayraqdar.info-ya iyulun 4-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, 2019-cu ilin may ayında DOST Agentliyi, həmin vaxtdan Bakı şəhərində və Abşeron rayonunda 5 DOST mərkəzi yaradılmaqla, “Könüllü DOST” proqramına da başlanılıb: “Proqramın “Gənc DOST”, “Gümüşü DOST” (yaşlılar üçün), “Distant DOST”, “Korporativ DOST”, “İnklüziv DOST” kimi altproqramları fəaliyyət göstərir. Könüllülər mərkəzlərdə vətəndaşların qarşılanması, xidmət pəncərələrinə yönləndirilməsi, vətəndaş axınının, növbələrin idarə edilməsi, vətəndaşların məlumatlandırılması, e-sistemlərdən istifadə və s. üzrə köməklik göstərirlər”.
Məlumata əsasən, proqram iştirakçıların vətəndaşlara xidmət sahəsində təcrübə, işgüzar vərdişlər əldə etmələrinə, fərdi inkişafı və karyera yolunda ilk uğurlu addımlarına dəstək olur.
“Könüllü DOST” proqramına ötən 3 ildə 2 min 243 şəxs cəlb olunub.