Press "Enter" to skip to content

Şəhid övladları üçün 2-ci “YAŞAT” düşərgəsi

“YAŞAT” düşərgəsininin açılış mərasimindən foto

Son yeniləmə: 4 İyul 2022 16:25

Bayraqdar.info – “YAŞAT” Fondu və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə 2022-ci ilin 4 iyul tarixindən avqust ayının sonuna qədər şəhid övladları üçün yay düşərgələri keçiriləcək.

Bu barədə bayraqdar.info-ya iyulun 4-də ASAN xidmətdən məlumat verilib.

Bildirilib ki, ümumilikdə 300-dən çox uşağı əhatə edəcək 6 düşərgənin həyata keçirilməsi nəzərdə tutulub: “Layihə çərçivəsində hər düşərgədə uşaqlar üçün əyləncə saatları, öyrədici təlimlər, teatrlar, öz sahəsində müsbət imicə malik olan peşəkarlarla, qurum rəhbərləri ilə görüşlər, ekskursiyalar, habelə psixoloqların iştirakı ilə təlimlər, konsultasiyalar keçirilməsi və yekunda müğənnilərin iştirakı ilə konsert proqramının keçirilməsi nəzərdə tutulub. Hər düşərgə ümumilikdə 5 gecə 6 günü əhatə edəcəkdir”.

Məlumata əsasən düşərgə şəhidlərin 10-11, 12-14 , 15-17 yaş kateqoriyasında olan övladlarını əhatə edəcək: “Düşərgələrdə “İNNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, Elektron Hökumətin İnkişafı Mərkəzi, İnnovasiyalar Mərkəzi MMC tərəfindən təlimlər, “Hackathon”, habelə digər yarışlar və görüşlərin də keçirilməsi nəzərdə tutulub. Hər düşərgədə tərəfdaşlar tərəfindən iştirakçılara müxtəlif hədiyyələr təqdim ediləcəkdir”.

Qeyd edilib ki, düşərgə boyunca uşaqlar sığortalanmış olacaqlar və davamlı olaraq həkim nəzarəti və psixoloqlar tərəfindən müşayiət olunacaqlar: “Psixoloqlar tərəfindən terapiyalar keçiriləcək, o cümlədən baş tutacaq fərdi və kollektiv görüşlər, konsultasiyalar zamanı aşkarlanmış problemlər üzrə müalicəyə ehtiyacı olan uşaqlar müəyyənləşdiriləcək və Fond tərəfindən düşərgədən sonra müalicə prosesinə cəlb olunacaqlar”.

O da bildirilib ki, 4 iyul tarixində Şabran rayonunda yerləşən “Qalaaltı Hotel & Spa ” otelində “YAŞAT” düşərgəsininin açılış mərasimi təşkil olunub: “Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov, “Qalaaltı Hotel & Spa”nın baş direktoru Nazim Süleymanov iştirak ediblər. Qonaqlar şəhidlərin, qəhrəman Vətən övladlarının əziz xatirələrinin daim ehtiramla yad edildiyini, onların əmanətlərinə, övladlarına daim xüsusi diqqətin və dəstəyin vacibliyini diqqətə çatdırıblar. Vurğulanıb ki, “YAŞAT” düşərgəsi uşaqların intellektual inkişafı, yeni biliklər və bacarıqlar əldə etmələri, o cümlədən istirahətlərini səmərəli keçirmələri üçün faydalı olacaq”.

Şəhidlərin 10-11 yaşlı övladlarını əhatə edən ilk düşərgənin birinci günündə iştirakçılar üçün art-terapiya təlimi, əyləncə saatı, komanda və psixoloqlarla tanışlıq kimi tədbirlər təşkil olunub.

Mission News Theme by Compete Themes.