Son yeniləmə: 4 İyul 2022 11:14
Bayraqdar.info – Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən mühəndis ixtisaslı zabit heyətinin bilik və bacarıqlarının artırılması məqsədilə təlim-metodiki toplanış keçirilib.
Bu barədə bayraqdar.info-ya iyulun 4-də Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, toplanışda azad edilmiş ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi, yol infrastrukturunun inkişaf etdirilməsi üzrə Mühəndis Qoşunlarında görülən işlər və bu istiqamətdə digər tapşırıqların müvəffəqiyyətlə icra olunması üçün hərbi qulluqçuların üzərinə düşən vəzifələrdən danışılıb: “Keçirilən məşğələlərin planına əsasən şəxsi heyətə silahlanmada olan müasir mina əleyhinə qoruyucu istehkam kostyumları, minaaxtaranlar, partlamayan piyada və tank əleyhinə mühəndis maneələrinin nümunələri nümayiş etdirilib. İstehkamçılara fərdi və mexaniki mina axtaran cihazlardan ibarət tədris bazaları və onlardan istifadə qaydaları izah edilib”.
Məlumata əsasən təlim-metodiki toplanışların keçirilməsində əsas məqsəd zabitlərin mühəndis ixtisası üzrə praktiki vərdişlərinin daha da artırılmasıdır.