Son yeniləmə: 4 İyul 2022 09:01
Bayraqdar.info – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutunun (ETİ) Təbiət və dəqiq elmlər şöbəsinin əməkdaşları beynəlxalq elmi-praktik konfransda iştirak ediblər. Konfrans Qazaxıstanın R.B.Süleymanov adına Şərqşünaslıq İnstitutu tərəfindən “Dəyişən dünyada Qazaxıstan və Şərq ölkələri: təhlükəsizlik və əməkdaşlıq problemləri” mövzusunda keçirilib.
ETİ İctimaiyyətlə əlaqələr şöbəsindən bayraqdar.info-ya verilən məlumata əsasən konfransda ETİ-nin Təbiət və dəqiq elmlər şöbəsinin müdiri, hüquq üzrə fəlsəfə doktoru, dosent Vüsalə Həsənova “Göllərin ekoloji vəziyyəti və onlara antropogen amillərin təsiri”, həmin şöbənin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, fizik Nazilə Soltanova isə “Dünya elminin inkişafında İslamın rolu”mövzusunda məruzələrini təqdim ediblər: “Müxtəlif ölkələrdən, əsasən şərq çoğrafiyasından iştirakçıların qatıldığı konfrans dil, ədəbiyyat, tarix, siyasət, təhsil, iqtisadiyyat, informasiya texnologiyaları, beynəlxalq əlaqələr, regional problemlər, idarəetmə, fəlsəfə, sosiologiya, turizm kimi sahələrdə akademik mövzuların və aktual məsələlərin müzakirəsi, qarşılıqlı təcrübə və yeni elmi araşdırma istiqamətləri üzərində fikir mübadiləsi məqsədini daşıyıb. Konfrans iştirakçılarına sonda sertifikat təqdim olunub”.