Son yeniləmə: 4 İyul 2022 16:04
İnam Kərimov: Azərbaycanda kənd təsərrüfatına ciddi dövlət dəstəyi mexanizmləri mövcuddur
Bayraqdar.info – “Azərbaycan hökuməti əlverişli investisiya mühiti yaratmaqla kənd təsərrüfatı sektorunu xarici investorlar üçün daha cəlbedici etməyə çalışır”.
Bunu kənd təsərrüfatı naziri İnam Kərimov Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Türk Dövlətləri Aqrobiznes Forumundakı çıxışında deyib. Türk Dövlətləri Təşkilatının 1-ci Kənd Təsərrüfatı Nazirləri Toplantısı çərçivəsində təşkil olunub.
Bu barədə bayraqdar.info-ya iyulun 4-də Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən məlumat verilib.
Bildirilib ki, Forumda təşkilata üzv dövlətlərin və müşahidəçi ölkələrin aqrar sahə üzrə ixtisaslaşmış şirkətlərinin nümayəndələri iştirak ediblər: “Tədbirdə türk dövlətləri arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığı genişləndirmək, birgə layihələr həyata keçirmək imkanları müzakirə olunub”.
Məlumata əsaəsn Forumda çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki, foruma qatılan kənd təsərrüfatı şirkətləri ikitərəfli görüşlər keçirmək imkanından maksimum yararlanmalıdır: “Ölkə iqtisadiyyatının şaxələndirilməsi fonunda aqro-ərzaq sistemimizin davamlı transformasiyasına nail olmaqda maraqlıyıq. Yaşıl enerji, rəqəmsallaşma və daha güclü biznes mühiti davamlı kənd təsərrüfatının qurulması üçün əsas hədəflər sayılır. Bu gün işğaldan azad edilmiş ərazilərdə yeni ağıllı kəndlər salınır. Bu ərazilərdə iqlim baxımından ağıllı və icma əsaslı kənd təsərrüfatının inkişaf etdirilməsi əsas prioritetdir. Bunu nəzərə alaraq, bütün iştirakçılar azad olunmuş ərazilərin aqro-ərzaq sistemlərinin inkişafı üçün ən yaxşı texnologiya və təcrübələrin transferində əməkdaşlığa dəvət edilir”.
Çıxışda o da qeyd olunub ki, Azərbaycanda kənd təsərrüfatına ciddi dövlət dəstəyi mexanizmləri mövcuddur, bu sahənin inkişafı üçün kreditlər ayrılır: “Eyni zamanda aqrar məhsul istehsalı prosesi bütün növ vergi ödəmələrindən azaddır. Azərbaycan bazarında fəaliyyət göstərən xarici aqrar şirkətlər də eyni üstünlüklərdən istifadə edə bilərlər. Azərbaycan həm də Şərq-Qərb və Şimal-Cənub nəqliyyat layihələri ilə Avrasiyanın etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Xarici investorların və iş adamlarının bu mühüm logistika layihələrinin üstünlüklərdən yararlanmaq imkanları var”.
Daha sonra Türk Dövlətləri Aqrobiznes Forumu çərçivəsində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin aqrar sahə üzrə ixtisaslaşmış şirkətlərinin nümayəndələri arasında ikitrəfli görüşlər keçirilib. Ar-Ge, aqrar təhsil, texnologiya transferi, bitki və heyvan sağlamlığı sahəsində əməkdaşlıq imkanları müzakirə olunub.