Son yeniləmə: 4 İyul 2022 09:56
Bayraqdar.info – İtaliyanın paytaxtı Romada keçirilən güləş üzrə U-20 Avropa çempionatı sona çatıb.
Azərbaycan Güləş Federasiyasından verilən məlumata əsasən, yarışın 6-cı günündə 61, 74, 86, 92 və 125 kiloqram çəki dərəcələrində yer alan sərbəst güləşçilər mübarizəyə qoşulublar.
Azərbaycan güləşçisi Cəbrayıl Qadjiyev (74 kq) yunan Georgios Terzidisə (10:0) və Luka Finizioya (11:0) tam üstünlüklə qalib gəlib: “Qadjiyev 1/4 finalda rumıniyalı Kristian Birodan güclü olub – 6:2. Yarımfinalda türkiyəli Muhammed Özmuşu 7:0 hesabı ilə məğlub edən təmsilçimiz adını finala yazdırıb. Cəbrayıl finalda moldovalı Georgi Karayla qarşılaşıb. Rəqibinə tam üstünlüklə (11:0) qalib gələn Qadjiyev 2-ci dəfə Avropa çempionu olub”.
Qeyd edilib ki, Ramik Heybətov (61 kq) ilk görüşdə kosovolu Fatlum Brakaya heç bir şans tanımayıb – 13:0: “R.Heybətov 1/4 finalda almaniyalı Marsel Vaqini üstələyib – 4:2. Ancaq yarımfinalda fransalı Xamzat Arsamerzoyevə sonuncu xal prinsipinə əsasən məğlub olub – 3:3. Ramik türkiyəli Abdullah Topraka minimal fərqlə (1:0) qalib gələrək Avropa çempionatının bürünc medalını qazanıb”.
Digər idmançı Fərid Cabbarov (86 kq) 1/8 finalda almaniyalı Daniel Fişerə minimal fərqlə (2:1) qalib gəldikdən sonra gürcü Daviti Koquaşviliyə uduzub – 3:5: “Ancaq rəqib finala yüksəldiyi üçün Cabbarov təsəlliverici görüşə çıxıb. Macar Nandor Hayduku (10:0) çətinlik çəkmədən mübarizədən kənarlaşdıran Fərid bürünc medal uğrunda qarşılaşmada ukraynalı Nazar Doda uduzub – 3:5. Abdulcəlil Şabanov (92 kq) ilk görüşdə ukraynalı Denis Sahaliuka (0:4), Aslan Abakarov (125 kq) isə bolqar Georgi İvanova (4:7) məğlub olub”.
Beləliklə, sərbəst güləş üzrə gənclərdən ibarət Azərbaycan komandası qitə birinciliyinin son günündə 1 qızıl və 1 bürünc medal qazanıb.
Məlumatda o da xatırladılıb ki, C.Qadjiyev 2021-ci ildə Dortmundda keçirilən analoji yarışda da Avropa çempionatının qızıl medalına sahib çıxmışdı.