Son yeniləmə: 4 İyul 2022 17:52
Bayraqdar.info – “İlk öncə dostum, qardaşım Zaur Bayramlıya bu gözəl təklifi üçün təşəkkür edirəm. Bu, Güney-Quzey demədən hər bir azərbaycanlının milli borcudur. Yəni Quzey Azərbaycanımızda, Bakımızda Güneylilərin hüquqlarının müdafiəsi təbii sayılmalıdır. Çünki bu, hansısa əcnəbilərin, xaricilərin deyil, doğma bacı-qardaşların bir-birini müdafiə etməsidir”.
Bunu hazırda ABŞ-da yaşayan soydaşımız Zaur Bayramlının bayraqdar.info-ya müsahibəsində Güney Azərbaycandan olan və Azərbaycan Respublikasında ali təhsil alan tələbələrə təqaüd verilməsinə dair təklifinə münasibət bildirən Güney Azərbaycan Demokrat Partiyasının sözçüsü Mahmud Bilgin deyib.
Hazırda İsvecdə yaşayan Mahmud Bilgin qeyd edib ki, Güney Azərbaycanlıların problemlərinin həllinə dəstək bütün hallarda təbii sayılmalıdır: “Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarında 50 milyonluq azərbaycanlılardan söhbət açıb, “Azərbaycan Respublikası 50 milyonluq azərbaycanlının vətəndir”, deyib. Hesab edirəm ki, artıq bu düşüncənin reallıqda da öz əksinin tapması zamanıdır. Bütün dünya bilir ki, biz parçalanmış bir xalqıq. Deməli, bu parçalanmış xalqın birlikdə addım atması, Güneyli-Quzeyli azərbaycanlıların bir-birinə dəstək verməsi, milli məsələlərdə eyni mövqedən çıxış etməsi təbii bir haldır. Dünyada kimsə, heç bir qüvvə buna görə bizə irad bildirə bilməz. Eyni zamanda hesab edirəm ki, Güney Azərbaycanlıların Quzeydə pulsuz ali təhsil alması və digər imkanlardan yararlanması kimsədə etiraz doğura bilməz”.
M.Bilgin qeyd edib ki, maddi baxımdan imkansız, lakin elmi potensialı güclü olan Güney Azərbaycanlı gənclərin Quzeydə ali məktəblərdə pulsuz təhsili ümumi işin xeyrinə ola bilər: “Bəlkə də kimsə mənim ifrata vardığımı düşünəcək. Amma əbəs yerə. Fikrimcə, xüsusilə də 44 günlük Vətən müharibəsindəki qələbəmizdən sonra Quzeydə Güneylilərə isti yanaşmanın, dövlət səviyyəsində qucaq açılmasının vaxtdır. Güney Azərbaycandan olanlara iranlı kimi deyil, azərbaycanlı kimi yanaşılmalıdır. Ümid edirəm ki, dəyərli Zaur Bayramlının təklifinə Azərbaycan Respublikasında istər dövlət, istərsə də özəl qurumlardan lazımi reaksiya veriləcək”.