Bayraqdar.info – Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi və “Mars Academy”nin dəstəyi ilə şagirdlər üçün beynəlxalq onlayn düşərgə təşkil olunacaq.
Bu barədə bayraqdar.info-ya iyulun 4-də Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, düşərgəyə dünyanın hər yerindən olan 8-16 yaş qrupuna aid məktəblilər qoşula bilərlər. İştirakçı sayında məhdudiyyət olduğu üçün ilk müraciət edən şagirdlər yay məktəbinə qoşulmaq imkanı əldə edəcəklər: “19 iyul – 27 avqust tarixlərində olacaq yay məktəbi riyaziyyat, proqramlaşdırma, 3D dizayn və digər əlaqəli sahələrdə interaktiv fəaliyyətlər əsasında formalaşdırılan proqramı əhatə edir. Bu fürsətdən istifadə etmək istəyən şagirdlər qeydiyyatdan keçərək proqrama qoşula bilərlər”.
Qeyd edilib ki, yay düşərgəsinə qoşulan azərbaycanlı məktəblilər üçün iştirak pulsuzdur “Müraciət edən məktəblilər “Let’s MOD” platformasına daxil olaraq həftədə 3 dəfə olmaqla 6 həftəlik müddəti əhatə edən təməl proqramlaşdırma, süni intellekt, həmçinin riyazi düşüncə əsaslı yanaşmalarla tanış olacaqlar. Proqram çərçivəsində şagirdlər eyni zamanda 3D oyunlar, animasiyalar və simulyasiyalarla tanış olaraq riyaziyyat və kompyuter elmləri sahələrində müxtəlif biliklərə yiyələnəcəklər. Proqramın sonunda “Metaverse”, “Blockchain”, “NFT” anlayışları ilə tanış olan şagirdlər tədris edilən proqrama əsasən yekun layihə təqdim edərək məzun olacaqlar”.
Məlumata əsasən proqram ingilis dilindədir: “Bu baxımdan şagirdin ingilis dili biliyinin olması arzuolunandır. Yay məktəbinə qoşulmaq istəyən şagirdlər bu müraciət formunu 18 iyul tarixindən gec olmayaraq doldurmaqla qeydiyyatdan keçə bilərlər. Qeyd edək ki, “Let’s MOD“ platforması cari ildən etibarən hesablama təfəkkürü və riyazi bacarıqların inkişafına xidmət edən “Polyup” platformasının yeni adıdır. “Let’s MOD” Stenford Universitetinin professorları tərəfindən təsis olunmuş süni zəka üzərində işləyən onlayn platforma və riyazi 3D simulyasiya mühitidir”.