Son yeniləmə: 2 İyul 2022 16:06
Bayraqdar.info – Azərbaycanın Təhsil Nazirliyi və Macarıstan İnsan Resursları Nazirliyi arasında təhsil sahəsində uğurlu əməkdaşlığın nəticəsi olaraq 149 nəfər Azərbaycan vətəndaşı 2022-2023-cü tədris ili üzrə Macarıstanın nüfuzlu universitetlərində təhsil almaq imkanı qazanıb.
Bu barədə bayraqdar.info-ya Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, seçim barədə Macarıstan tərəfindən verilən yekun qərar nəticəsində qeyd olunan saziş üzrə 149 nəfər, o cümlədən 8 nəfər PhD (istənilən maraq dairəsində), 130 nəfər magistratura, 11 nəfər isə bakalavriat səviyyələrində təhsil almaq hüququ qazanıb: “Onlar iqtisadiyyat, biznes və idarəetmə, mühəndislik, informasiya texnologiyaları, texnologiyalar, turizm, təbiət elmləri və davamlı inkişaf istiqaməti üzrə təhsil alacaqlar. Təqaüdə layiq görülən tələbələr əsasən Budapeşt Texnologiya və İqtisadiyyat Universiteti, Budapeşt Kornivus Universiteti, Eötvös Lorand Universiteti, Debretsen Universiteti və Budapeşt Biznes Məktəbi – Tətbiqi Elmlər Universiteti və digər ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıblar”.