Son yeniləmə: 2 İyul 2022 16:17
Bayraqdar.info – İyulun 9-10-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Velosiped Federasiyası və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı ilə “Əziz Şuşa” beynəlxalq velosiped yarışı keçiriləcək.
Bu barədə bayraqdar.info-ya Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, yarış Nazirlər Kabinetinin təsdiqlədiyi tədbirlər planına əsasən, “Şuşa İli” çərçivəsində təşkil ediləcək: “ İyulun 10-dək ölkənin velosipedçilərinin mübarizə aparacağı yarış iki mərhələdən ibarət olacaq. İyulun 9-da keçiriləcək birinci mərhələ Bakı şəhərinin Pirallahı rayonunda “Nərəkənd” parkının yaxınlığında baş tutacaq. Bu mərhələdə velosipedçilər 21 kilometr məsafədə fərdi ötüşmə növündə mübarizə aparacaqlar. İyulun 10-da keçiriləcək ikinci mərhələ isə Füzuli Hava Limanından start götürməklə Şuşa şəhərindəki “Qarabağ” otelinin qarşısına qədər davam edəcək. İdmançılar bu mərhələdə 71 kilometr məsafədə qrup ötüşməsində güclərini sınayacaqlar”.