Son yeniləmə: 1 İyul 2022 08:19
Bayraqdar.info – İyunun 29-da Azərbaycan və Rusiya Xarici İşlər nazirlikləri arasında Avropa və regional təhlükəsizlik məsələlərinə dair növbəti məsləhətləşmələr keçirilib.
Bu barədə bayraqdar.info-ya Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.
Bildirilib ki, məsləhətləşmələr 2021-ci ildə imzalanmış “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə Rusiya Federasiyası Xarici İşlər Nazirliyi arasında 2021-2022-ci illər üçün məsləhətləşmələr planına” uyğun olaraq keçirilib.
Qeyd edilib ki, Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov və Rusiyanın xarici işlər nazirinin müavini Aleksandr Qruşkonun rəhbərlik etdiyi nümayəndə heyətləri Avropa təhlükəsizliyi, Avropa regional təşkilatlarının gündəliyində duran məsələlər və regional təhlükəsizlik vəziyyəti ətrafında geniş fikir mübadiləsi aparıblar: “Tərəflər, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il və 26 noyabr 2021-ci il üçtərəfli bəyanatlarının tam şəkildə icrasının vacibliyini vurğulayaraq, bu kontekstdə Azərbaycan və Ermənistan arasında münaqişədən sonrakı normallaşma prosesinin müxtəlif aspektləri ətrafında cari vəziyyəti müzakirə ediblər”.
Məlumatda o da bildirilib ki, iyunun 30-da xarici işlər naziri Ceyhun Bayramovun məsləhətləşmələr məqsədilə ölkəmizə səfər edən Rusiya Federasiyasının Xarici işlər nazirinin müavininin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.