Son yeniləmə: 1 İyul 2022 17:41
Bayraqdar.info – “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) tərəfindən 2022-ci ilin may ayında 5.1 min unsiya qızıl, 13.9 min unsiya gümüş, cari ilin ilk 5 ayında isə 20.3 min unsiya qızıl, 67.8 min unsiya gümüş hasilatı həyata keçirilib.
Bu barədə QSC-dən bayraqdar.info-ya iyulun 1-də verilən məlumatda qeyd edilib.
Bildirilib ki, may ayı ərzində 4.8 min unsiya qızıl, 11.4 min unsiya gümüş ixrac edilib: “Yanvar-may aylarında isə ümumilikdə 17.3 min unsiya qızıl, 52.3 min unsiya gümüşün beynəlxalq birjalarda satışı nəticəsində ölkə iqtisadiyyatına 58.4 milyon manat dəyərində vəsait cəlb edilib. Bununla QSC-nin 2022-ci il üzrə hasilat və ixrac planlarına uyğun olaraq ilk 5 ay üzrə fəaliyyəti tam təmin edilib”.
Məlumata əsasən 2022-ci ilin yanvar-may ayları ərzində əldə edilən hasilat və ixrac rəqəmlərinin ötən ilin müvafiq dövrü ilə müqayisədə müəyyən qədər planlı azalması Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsinin (ÇİRES) istehsalat xəttində həyata keçirilən optimizasiya işləri ilə əlaqədardır: “Belə ki, mineral-xammal resurslarından istifadənin səmərəliliyinin yüksəldilməsi və dayanıqlı hasilatın təmin edilməsi məqsədilə cari il ərzində icra olunan yenidənqurma işləri çərçivəsində ÇİRES-də mövcud qırıcı və konveyer xətlərinin süxurkeçirmə qabiliyyəti artırılaraq, müəssisənin istehsal imkanları yüksəldilib. Nəticədə, əvvəlcə xırdalama sahəsində saatda 210 ton filiz emal edilirdisə, optimizasiya işlərindən sonra qeyd olunan həcmin 43 faiz artırılaraq saatda 300 tona çatdırılmasına nail olunub. Beləliklə, optimizasiya işləri hasilat və ixracatın cari ilin 3-cü rübündən etibarən artırılmasına və ötən ilin yekun göstəricilərindən daha artıq icra edilməsinə imkan yaradacaqdır”.
Qeyd edilib ki, hazırda mövcud topa aşındırma üsulu ilə işləyən emal zavoduna əlavə olaraq, tranzit və sulfid filizlərinin emalı üçün çən aşındırma üsulu (Carbon in Leach – CIL) ilə fəaliyyət göstərəcək yeni emal zavodunun tikintisi də sürətlə davam etdirilir: “2022-ci ilin sonu-2023-cü ilin əvvəlində istismara veriləcək zavodda “Çovdar” yatağının sulfid mərhələsi üzrə hasil ediləcək filizlər, “Mərəh”, “Ağyoxuş-2”, “Tülallar” və onun cinah sahələrindən çıxarılacaq filiz süxurlarının emal edilməsi planlaşdırılır”.