Son yeniləmə: 1 İyul 2022 18:44
Bayraqdar.info – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi (DOST RİM) daha bir uğura imza atıb. Belə ki, DOST RİM Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən “Fərdi məlumatların, informasiya ehtiyatlarının formalaşdırılması və informasiya sistemlərinin yaradılması, onlara xidmət göstərilməsi” fəaliyyət növü üzrə lisenziya alıb.
Bununla bağlı bayraqdar.info-ya verilən məlumatda deyilir ki, təqdim olunmuş zəruri sənədlərin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən qanunvericiliyə uyğunluğu müəyyən edilərək lisenziyanın verilməsi təmin olunub: “Lisenziya müddətsiz təqdim edilib və onun əldə edilməsi DOST RİM-ə bir sıra üstünlük və imkanlar qazandırıb. Bununla Mərkəz sosial sahədə rəqəmsal həllərin geniş tətbiqi ilə qanunvericiliyə uyğun olaraq informasiya sistemləri və ehtiyatlarının formalaşdırılmasını, inkişafını təmin edəcək, bu sahədə xidmətləri həyata keçirəcək. Habelə“Fərdi məlumatlar haqqında” Qanuna uyğun olaraq fərdi məlumatların toplanılması və işlənməsini təmin edəcək”.
Bildirilib ki, “DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi” Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində informasiya texnologiyaları siyasətinin müəyyənləşdirilməsi, informasiya-kommunikasiya məsələlərinin vahid şəkildə idarə olunması, habelə qurumlar arasında informasiya bazaları ilə qarşılıqlı inteqrasiyanın həyata keçirilməsini təmin edir: “Mərkəz həmçinin nazirlik üzrə e-xidmətlərin təşkili və dayanıqlılığının təmin edilməsi, informasiya sistemlərinin dəstəklənməsi və inkişaf etdirilməsi, İT sahəsində idarəetmənin təkmilləşdirilməsi istiqamətlərində fəaliyyət göstərir”.