Press "Enter" to skip to content

Bu, münasibətlərin inkişafında böyük rol oynayır

Görüş zamanı

Son yeniləmə: 1 İyul 2022 08:21

Bayraqdar.info – Xalqlarımızı dərin tarixi köklər, mənəvi və mədəni dəyərlər birləşdirir.

Bunu Türkmənistan Milli Qenqeşi (parlament) Məclisinin sədri Gülşat Məmmədova deyib.

Xatırladaq ki, iyunun 30-da Milli Məclisin sədri Sahibə Qafarova Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakı konfransında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Türkmənistan Milli Qenqeşi (parlament) Məclisinin sədri Gülşat Məmmədova ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, S.Qafarova qonağı salamlayaraq Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakı konfransında iştiraka görə təşəkkürünü bildirib. Diqqətə çatdırıb ki, konfrans “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” kimi aktual mövzuya həsr olunub.

S.Qafarova deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin konfransındakı çıxışında dünyadakı mövcud vəziyyət barədə dəyərli fikirlər söyləyib: “Azərbaycan Prezidentinin fikirləri Qoşulmama Hərəkatının fəaliyyət istiqamətlərinin müəyyənləşməsində mühüm rol oynayır. Məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi yaradıldığını və bu gün Bakıda onun konfransının keçirildiyini vurğulayan Milli Məclisin sədri tədbirin Qoşulmama Hərəkatına üzv ölkələrin parlamentləri arasında əməkdaşlığın inkişafı baxımından əhəmiyyətini qeyd edib”.

Məlumata əsasən S.Qafarova dost və qardaş ölkələrimiz arasında əlaqələrin inkişafından danışaraq, yüksək səviyyəli qarşılıqlı səfərlərin münasibətlərin inkişafında böyük rol oynadığını qeyd edib: “O, Azərbaycan Prezidentinin bu günlərdə Türkmənistana səfərini xatırladaraq, bu səfər zamanı keçirilən görüşlərin, aparılan danışıqların iki ölkə arasında münasibətlərin daha da möhkəmlənməsinə böyük töhfə verdiyini vurğulayıb. Azərbaycan-Türkmənistan münasibətlərinin inkişafında hər iki ölkənin parlamentlərinin əhəmiyyətini vurğulayan Sahibə Qafarova bu sahədə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının fəaliyyətini təqdir edib”.

Azərbaycana səfərindən məmnunluğunu bildirən Türkmənistan Parlamenti Məclisinin sədri Gülşat Məmmədova Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransının əhəmiyyətindən danışıb və bu tədbirə dəvətə görə təşəkkürünü bildirib: “Qonaq Azərbaycan Prezidentinin Bakı konfransında çıxışını yüksək qiymətləndirib, toxunduğu məsələlərin əhəmiyyətini qeyd edib. O, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakı konfransının yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirib, Azərbaycanın bu təşəbbüsünü bəyəndiklərini deyib. Azərbaycanın və Türkmənistanın qanunverici orqanları arasındakı əməkdaşlığı yüksək qiymətləndirən qonaq ölkələrimiz arasındakı münasibətlərin mövcud səviyyəsindən razılığını bildirib”.

Türkmənistan Parlamenti Məclisinin sədri xalqlarımızı dərin tarixi köklərin, mənəvi və mədəni dəyərlərin birləşdirdiyini, bunları qoruyub gələcək nəsillərə çatdırmağın vacib olduğunu diqqətə çatdırıb.
Söhbət zamanı tərəfləri maraqlandıran digər mövzularda da fikir mübadiləsi aparılıb.

Mission News Theme by Compete Themes.