Son yeniləmə: 1 İyul 2022 11:25
Bayraqdar.info – İsveç Krallığının Məşğulluq Xidmətinin nümayəndələrindən ibarət ekspert qrupu Azərbaycanda səfərdədir.
Bu barədə bayraqdar.info-ya iyulun 1-də Dövlət Məşğulluq Agentliyindən məlumat verilib.
Bildirilib ki, Agentlik və SOCIEUX+ arasında ötən ildən etibarən əməkdaşlıq etmək məqsədilə aparılan müntəzəm danışıqlar nəticəsində peşə təhsili müəssisələrinin xəritələşdirilməsi və təkmilləşdirilməsi məqsədilə texniki yardım əldə edilməsinə dair razılığa gəlinib: “Razılaşmaya əsasən üç mərhələdən ibarət olmaqla cari ilin iyun, sentyabr və noyabr aylarında İsveç Krallığının Məşğulluq Xidməti ekspertlərinin Agentliyə səfəri razılaşdırılıb”.
Qeyd edilib ki, Azərbaycanda səfərdə olan SOCIEUX+ nümayəndə heyəti ilə Dövlət Məşğulluq Agentliyində görüş olub: “Agentliyin peşə hazırlığı departamentinin əməkdaşları ilə keçirilən görüşdə qonaqlara qurumun iş prinsipi, fəaliyyət istiqamətləri, peşə hazırlığı istiqamətində görülən işlər barədə məlumat verilib. Həmçinin qurumlar arasında əməkdaşlığın perspektivləri müzakirə olunub”.
Məlumatda o da vurğulanıb ki, SOCIEUX+ Avropa İttifaqı (Aİ) tərəfindən yaradılmış və birgə maliyyələşdirilən texniki əməkdaşlıq mexanizmidir. SOCIEUX+ Avropa İttifaqına üzv dövlətlər və 155-dən çox tərəfdaş ölkə arasında bərabərhüquqlu mübadilə və əməkdaşlığı təmin edir.