Son yeniləmə: 1 İyul 2022 12:19
Bayraqdar.info – Bəzz qalasında illik keçirilən Babək qurultayına hazırlaşan milli fəallara təzyiqlər başlayıb. Yürüşə mane olmaq üçün İrandakı fars-molla rejiminin Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) yerli idarələri onlarla fəalı telefonla hədələyib, onlardan yürüşə qatılmamağı tələb edib.
Xəbəri “Azad İran” Telegram kanalı Güney Azərbaycan Demokratik Türk Birliyinə istinadla yayıb.
İranın təhlükəsizlik qüvvələri milli-mədəni fəallara qurultaya qatılacaqları halda həbs olunacaqlarını bildiriblər. Güneyli sosial media istifadəçilərinin paylaşımlarından onlarla fəala zəng edildiyi, təşkilatçılıqda şübhəli bilinənlərə dindirilmək üçün çağırış göndərildiyi məlum olur.
Xatırladaq ki, bundan öncə Təbriz, Sulduz, Urmu, Ocan, Ərdəbil və başqa şəhərlərdə milli fəalların Bəzz qalasında keçiriləcək Babək qurultayına çağırışla bağlı afişalar yaymasından sonra bir qrup güneyli fəal təhlükəsizlik idarələrinə çağrılaraq dindirilib. Daha bir neçə fəal isə heç bir ittiham irəli sürülmədən həbs edilib.