Son yeniləmə: 1 İyul 2022 10:59
Bayraqdar.info – “Şamaxı Suvarma Sistemləri İdarəsi Şamaxı və Qobustan rayonlarının suvarılan sahələri üzrə, əkin sahələrinin su təminatını həyata keçirir. Şamaxıda 6870 hektar, Qobustan rayonunda isə 1147 hektar suvarılan əkin sahəsi mövcuddur ki, bu sahələri suvarmaq üçün 138 km-lik artıq torpaq kanallardan istifadə edilir”.
Bu barədə bayraqdar.info-ya iyulun 1-də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov bildirib.
Onun sözlərinə görə, İdarə tərəfindən hər il mütəmadi olaraq torpaq məcralı kanalların lildən təmizlənməsi, o cümlədən beton üzlüyə alınması prosesi davam edir: “Kanalların betonlanması isə su itkisinin qarşısını almaqla yanaşı suvarmanı da sürətləndirir. Görülən işlər Şamaxı və Qobustan rayonlarında fəaliyyət göstərən fermerlərin işini asanlaşdırır. Şamaxıda suvarmanı mütəşəkkil təmin etmək üçün əsasən su tutarlarından istifadə olunur. Yaradılan su tutarları suvarmada böyük rola malik olmaqla yanaşı həmdə ehtiyat rolunu oynayır. Yay aylarında, quraqlıq dövründə suvarma suyuna ehtiyac olduqda məhz su tutarlarından kanallara su ötürülməklə sahələrə su verilir”.
Qeyd edilib ki, Şamaxı Suvarma Sistemləri İdarəsi Şamaxı və Qobustan rayonlarının əkin dövriyyəsində olan 8 min 400 hektardan artıq müxtəlif kənd təsərrüfatı bitkilərinin suvarma suyu ilə təmin olunmasına xidmət edir: “Onlardan 4 min 380 hektarı taxıl, 3 min 500 hektarı yem bitkiləri, 490 hektarı çoxillik əkinlər, 30 hektarı bostan-tərəvəz, 50 hektarı isə həyətyanı sahələrdir”.