Son yeniləmə: 1 İyul 2022 17:26
Bayraqdar.info – Sosial sahədə atəlan addımlar, reallaşdırılan islahatlar davaml xarakter daşıyır. Bu istiqamətdə daha bir addım atılıb. Belə ki, artıq əmək müqaviləsinin bağlanma tarixi əvvəlki dövrə aid olan və hər hansı səbəbdən işəgötürən tərəfindən indiyədək e-sistemə daxil edilməmiş əmək müqaviləsi bildirişlərinin də sistemə əlavə olunması mümkün olacaq.
Bu barədə bayraqdar.info-ya iyulun 1-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) bildirilib.
Qeyd edilib ki, həmçinin yanlış daxil edilmiş bildirişlərin etibarsız edilməsi üçün Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə “Əmək və Məşğulluq” altsistemi (ƏMAS) üzərindən elektron qaydada müraciət etmək də olar.
Məlumata görə, əvvəllər işəgötürən tərəfindən xitam bildirişlərinin yalnız 24 saat ərzində etibarsız edilməsi mümkün idi: “Hazırda isə işəgötürənlərə heç bir məhdudiyyət qoyulmayıb. Onların müraciətinə Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən baxılaraq, uyğun görüldüyü halda müvafiq əməliyyatın icra edilməsinə icazə veriləcək”.