Press "Enter" to skip to content

Türkiyənin qətiyyətli mövqeyi qalib gəldi

Dr. Yücel Karauz

Son yeniləmə: 29 İyun 2022 08:15

Yücel Karauz: Bu məsələdə Türkiyənin diplomatiyası, xarici siyasəti və qətiyyəti öz rolunu oynadı

Bayraqdar.info – “28 NATO ölkəsinin dövlət başçıları və baş nazirləri İspaniya paytaxtında bir araya gəlib. Bu 73 yaşlı NATO-nun tarixində ən önəmli və kritik toplantılardan biridir. 28-29 iyun tarixlərində keçirilən Madrid zirvəsinin bir sıra məqamlarına görə tarixə düşəcəyi kimsəyə sirr deyil”.

Bunu NATO-nun Madrid sammitini bayraqdar.info üçün dəyərləndirən Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Dr. Yücel Karauz deyib.

Madrid sammitinin gündəmində 5 əsas məsələ var

Onun sözlərinə görə, bu sammiti önəmli edən əsas məqam Rusiya-Ukrayna müharibəsi fonunda dünya düzənində yaranmış vəziyyətdir: “Çünki Rusiya-Ukrayna müharibəsi nəticəsində dünyada təhlükəsizliyə ciddi təhdid yaranıb. Bu müharibə fonunda formalaşan yeni dünya düzənində NATO-nun hansı mövqe sərgiləyəcəyi həm maraqlıdır, həm də bu təşkilatda təmsil olunan üzv ölkələr üçün xüsusi önəm kəsb edir”.

Türkiyəli general deyib ki, Madrid sammitinin gündəmində 5 əsas məsələ var: “Birincisi müdafiə xərclərinin artırılmasıdır. Normal şərtlər daxilində NATO-ya üzv olan ölkələr büdcə xərclərinin 2 faizini NATO-nun hərbi xərcləri üçün ayırmalıdırlar. Lakin 28 ölkədən ancaq 9-u bu şərtə əməl edir. İkinci məsələ “NATO 2030” Konsepsiyasının qəbul edilməsidir ki, bu da yenə dünya düzəni ilə bağlıdır. Yəni NATO yeni dünya düzənində Rusiya və Çini əsas təhlükə kimi görür. Yeni Konsepsiyanın əsas hədəfi də bu təhlükələrə qarşı hazırlıqlı olmaqdır. Üçüncü məsələ Baltik ölkələrinin təhlükəsizliyidir. Dördüncü məsələ İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə dair müzakirələrin başlanması, beşinci məsələ isə Rusiya ilə Ukrayna arasındakı müharibə zamanı NATO-nun bütövlüyünün nümayiş etdirilməsidir”.

Türkiyə haqlı olaraq…

Y.Karauz qeyd edib ki, sadalananlar sırasında dördüncü məsələnin birbaşa Türkiyə ilə əlaqəsi var: “Türkiyə haqlı olaraq Finlandiya və İsveçin NATO-ya üzvlüyünə qarşı çıxırdı. Çünki bu iki ölkə PKK başda olmaqla Türkiyəyə təhlükə törədən terror təşkilatlarına bu və ya digər formada dəstək verir. Cümhurbaşqanı Recep Tayyip Erdoğan dəfələrlə qeyd edib ki, İsveç və Finlandiya NATO-ya üzv olmaq istəyirlərsə, alyansın üzvü olan Türkiyənin təhlükəsizlik problemlərini nəzərə almalıdırlar. Baş katib Yens Stoltenberqin timsalında NATO rəhbərliyi də Türkiyənin mövqeyini və qətiyyətini tam haqlı sayır. Məhz buna görə də Madriddə NATO baş katibi Yens Stoltenberqin iştirakı ilə Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğan, Finlandiya Prezidenti Sauli Niinistö və İsveçin Baş naziri Maqdalena Andersson bir araya gəliblər. Birinci turdan sonra tərəflər arasında yaxınlaşma hiss olunsa da tam nəticə əldə edilməyib. Ancaq ikinci tur uğurla nəticələnib”.

İsveç və Finlandiya öhdəlik götürdü

Müsahibimiz vurğulayıb ki, ikinci turda Finlandiya və İsveç PKK/PYD və FETÖ kimi terror təşkilatlarına dəstək verməyəcəyinə dair üzərinə öhdəlik götürüb: “Türkiyə də Finlandiya və İsveçin NATO-ya üzvlüyünə qarşı çıxmayacağını bildirib. Yəni əldə olunan razılıq nəticəsində Türkiyə İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə qarşı veto hüququndan imtina edib. Türkiyə, İsveç və Finlandiya iddiaçı dövlətlərin NATO-ya üzv olmaq üçün müraciətləri ilə bağlı üçtərəfli memorandum imzalayıb. Beləliklə böhranın qarşısı alınmış oldu. Bu məsələdə Türkiyənin diplomatiyası, xarici siyasəti və qətiyyəti öz rolunu oynadı. Türkiyə bu məsələdən istədiyini əldə etdi”.

Səkkiz maddəlik memorandum

Y.Karauz onu da əlavə edib ki, memarondum 8 maddədən ibarətdir: “Sənəddə deyilir:

1. NATO baş katibinin vasitəçiliyi ilə bir araya gələn Türkiyə, Finlandiya və İsveç nümayəndələri aşağıdakı məsələlərdə razılığa gəliblər.

2. NATO ümumi müdafiə və təhlükəsizliyin bölünməzliyi prinsipləri ilə ümumi dəyərlərə əsaslanan bir Alyansdır. Türkiyə, Finlandiya və İsveç Vaşinqton Müqaviləsində təsbit olunmuş prinsip və dəyərlərə sadiq olduqlarını bildirirlər.

3. Alyansın ən fundamental elementlərindən biri üzv dövlətlərin milli təhlükəsizliyinə, eləcə də beynəlxalq sülh və sabitliyə birbaşa təhdid yaradan terrorizmin bütün forma və təzahürləri ilə mübarizədə tam həmrəylik və əməkdaşlıqdır.

4. Gələcək NATO müttəfiqləri olaraq Finlandiya və İsveç Türkiyəni milli təhlükəsizliyinə qarşı bütün təhdidlərə qarşı tam dəstəkləyir. Bu çərçivədə Finlandiya və İsveç PYD/YPG və Türkiyədə FETÖ olaraq tanınan terror təşkilatına dəstək verməyəcək. Türkiyə həmçinin Finlandiya və İsveçə milli təhlükəsizliklərinə qarşı bütün təhdidlərə qarşı tam dəstək verir. Finlandiya və İsveç terrorizmi bütün forma və təzahürlərində qəti şəkildə rədd edir və pisləyir. Finlandiya və İsveç bütün terror təşkilatlarının Türkiyəyə qarşı həyata keçirdiyi hücumları açıq və birmənalı şəkildə pisləyir, Türkiyə və həlak olanların ailələri ilə dərin həmrəylik hisslərini bildirirlər.

5. Finlandiya və İsveç PKK-nın qadağan olunmuş terror təşkilatı olduğunu təsdiqləyir. Finlandiya və İsveç PKK-nın və bütün digər terror təşkilatlarının, onların uzantılarının fəaliyyətləri ilə bağlantısı olan şəxslərin fəaliyyətinin qarşısını almağı öhdəsinə götürür. Türkiyə, Finlandiya və İsveç bu terror təşkilatlarının fəaliyyətinin qarşısını almaq üçün əməkdaşlıqlarını artırmaq qərarına gəliblər. Finlandiya və İsveç bu terror təşkilatlarının ambisiyalarını rədd edir.

6. Bundan əlavə, Finlandiya Cinayət Məcəlləsinə 2022-ci il yanvarın 1-dən qüvvəyə minmiş bir sıra düzəlişlərlə cəzalandırıla bilən terror cinayətlərinin əhatəsinə yeni fəaliyyətlər əlavə edib. 2022-ci il yanvarın 1-dən qüvvəyə minən bu son düzəlişlərlə terrorçu qruplaşmaların fəaliyyətində iştirak cinayətinin əhatə dairəsi genişləndirilib. Eyni zamanda, ictimai müstəvidə terrorizmə çağırışlar da ayrıca cinayət kimi nəzərdə tutulub. İsveç təsdiq edir ki, yeni və daha effektiv Terrorçuluq Cinayətləri Qanunu iyulun 1-dən qüvvəyə minəcək və hökumət antiterror qanunvericiliyini daha da sərtləşdirəcək.

7. Türkiyə, Finlandiya və İsveç artıq onların arasında silah embarqosunun olmadığını təsdiqləyir. İsveç NATO müttəfiqlərinə silah ixracı ilə bağlı milli qanunvericiliyinə dəyişiklik edir. Gələcəkdə Finlandiya və İsveçdən müdafiə sənayesi ixracı Müttəfiqlərin həmrəyliyinə və Vaşinqton müqaviləsinin 3-cü maddəsinin ruhuna və hərfinə uyğun olaraq həyata keçiriləcək.

8. Türkiyə, Finlandiya və İsveç bu danışıqlardan sonra aşağıdakı konkret addımları atmağı öhdələrinə götürürlər:

-Terrorizm, mütəşəkkil cinayətkarlıq və digər ümumi çağırışlarla mübarizədə konsensusa əsaslanan əməkdaşlığı gücləndirmək üçün bütün səviyyələrdə, o cümlədən hüquq-mühafizə və kəşfiyyat orqanlarında strukturlaşdırılmış hökumətlərarası dialoq və əməkdaşlıq mexanizmi yaradacaqlar.

-Finlandiya və İsveç terrorizmlə mübarizəni NATO-nun müvafiq sənədlərinin və siyasətlərinin müddəalarına uyğun olaraq qətiyyətlə və əzmlə aparacaq və yerli qanunvericiliklərini buna uyğun gücləndirmək üçün bütün lazımi addımları atacaqlar”.

Mission News Theme by Compete Themes.