Son yeniləmə: 29 İyun 2022 07:41
Bayraqdar.info – Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşı, Vətən müharibəsi iştirakçısı, III qrup Qarabağ əlili qazi Həşim Mədətovun “Qalibiyyətin səkkiz anı” adlı kitabının təqdimat mərasimi keçirilib.
Bu barədə bayraqdar.info-ya Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məlumata əsasən, kitab Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın azadlığı uğrunda igidliklə döyüşən, bu yolda canından, qanından keçən övladlarımızın qəhrəmanlığına həsr edilib: “Xatırladaq ki, 2020-ci il sentyabrın 21-dən ordu sıralarına qatılan Həşim Füzuli və Xocəvənd rayonlarının işğaldan azad olunmasında yaxından iştirak etmiş, oktyabr ayının 4-də düşmənlə döyüşdə 2 snayper gülləsinə tuş gələrək sağ çiyin və sağ kürək nahiyəsindən yaralanmış, şücaətinə görə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamlarına əsasən “Füzuli və Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur”.
Məlumatda bildirilib ki, nəşrin müəllifi çıxış edərək kitabı yazmaqda məqsədinin gördüyü, şahidi olduğu real hadisələri vərəqə köçürərək əbədiləşdirmək olduğunu diqqətə çatdırıb. “Hadisələr, əsasən 2020-ci il sentyabrın 21-dən oktyabrın 4-dək baş verənləri əhatə edir. Ümumilikdə, kitabda 44 günlük şanlı Zəfərimizdən bəhs olunur”, – deyə müəllif qeyd edib.
Tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin müavini Vahid Abdurəhmanov, Birliyin Nəsimi rayon şöbəsinin sədri polkovnik Elmar Hüseynov, yazıçı-publisist Oktay Əliyev və digər natiqlər kitab haqqında fikirlərini bölüşüblər.
Sonra fəxri fərman və mükafatlar təqdim olunub.