Son yeniləmə: 29 İyun 2022 17:36
Yeganə Hacıyeva: Rusiya Ukrayna ilə müharibə fonunda istər Polşaya, istərsə də Pribaltika respublikalarına zərbələr endirə bilər
Bayraqdar.info – “Ümumiyyətlə Rusiya-Ukrayna müharibəsində ikinci cəbhənin açılması ilə bağlı məsələ yeni deyil. Yəni bu müharibə başlayandan bəri bu ehtimal hər zaman səslənib. Hətta bu proseslərin əvvəlində bunun ilkin işartılarını müşahidə etdik. Müharibənin ilk vaxtlarında Belarus Prezidenti Aleksandr Lukaşenko guya Ukraynadan Belarus ərazisinin atəşə tutulduğunu iddia etdi. Həmin vaxt əksər ekspertlər bu iddianı, əslində, Belarusun da Rusiya tərəfdən Ukraynaya qarşı müharibəyə qoşulması üçün bir bəhanə kimi dəyərləndirdilər”.
Bunu Rusiya-Ukrayna müharibəsində ikinci cəbhənin açıla biləcəyinə dair ehtimalları bayraqdar.info üçün dəyərləndirən politoloq Yeganə Hacıyeva deyib.
Bu ehtimallar əbəs yerə dilə gətirilmir
Xatırladaq ki, son vaxtlar Belarusdan Ukraynaya hücum ola biləcəyinə dair fikirlər daha intensiv səslənməkdədir. Bu arada isə Litva Rusiyanın hücum təhlükəsindən qorunmaq üçün NATO-dan əlavə dəstək istəyib. Hər iki məqamı dəyərləndirən bəzi mərkəzlər isə bunu “Rusiya-Ukrayna müharibəsində ikinci cəbhənin açılmasına sayılı günlər qalıb” kimi dəyərləndirməkdədirlər.
Öz növbəsində Y.Hacıyeva bu ehtimalların əbəs yerə dilə gətirilmədiyini deyib: “Mən yuxarıda bu məsələyə Belarus kontekstindən yanaşmaya diqqəti yönəltdim. Yəni görünən odur ki, Belarusdan ikinci cəbhənin açılması hər an baş verə bilər. O ki, qaldı Litvanın timsalında Pribaltika respublikalarının “ikinci cəbhə” narahatlığına, bu da kifayət qədər başadüşüləndir. Çünki Pribaltika respublikaları SSRİ dağılandan bəri Rusiya ilə soyuq münasibətdədirlər. Müharibə başlayandan sonra isə, belə demək mümkünsə, Ukraynanın yardımına ilk gələn məhz bu ölkələr oldu. Bütün bunlar isə Moskvada Pribaltika respublikalarına qarşı xüsusi qəzəbin formalaşmasına yol açıb. Hətta Rusiya Ukraynaya 2013-2014-cü illərdə ilk dəfə hücum edərkən, belə bir hücumun Pribaltikaya ediləcəyinə inananlar daha çox idi. Yəni 2011-2012-ci illərdə belə bir təəssürat var idi ki, Rusiya həmin vaxt Gürcüstandan sonra Pribaltikanı işğal edəcək”.
Rusiya üçün qısa müddətdə NATO ilə gərginlik vacibdir
Müsahibimiz qeyd edib ki, məhz sadalananlar fonunda ikinci cəbhənin açılması ehtimalı hər zaman gündəmdə olub: “Bu baxımdan Rusiyanın Pribaltika respublikalarına, hətta Polşaya hər hansı zərbə endirmək, yaxud hücum etmək ehtimalı çox güclüdür. Məsələn, Rusiya bu zərbəni endirdikdən sonra, bunun guya səhvən olduğunu da iddia edə bilər. Bəs, bu nə ilə nəticələnə bilər? Hesab edirəm ki, istər Polşaya, istərsə də Pribaltika respublikalarına hücum Rusiyanın NATO ilə konfrantasiyaya getməsi demək olacaq”.
Y.Hacıyeva hesab edir ki, Rusiya üçün qısa müddətdə NATO ilə gərginlik vacibdir: “Bu, Rusiya hakimiyyətinə, Vladimir Putinə Ukraynaya işğalçı hücumu daxili və xarici ictimaiyyət arasında legitimləşdirmək üçün lazımdır. Məlum olduğu kimi, Rusiya ictimaiyyətində bu müharibənin əleyhinə olan insanlar çoxluq təşkil edir. Onlar məsələyə Rusiyanın Ukraynaya işğalçı hücumu prizmasından yanaşırlar. Bu isə Putin hakimiyyətinin gələcək mövcudluğunu sual altına qoyur. Ona görə indi Rusiyaya, daha doğrusu Putin hakimiyyətinə NATO ilə gərginlik, hətta lokal toqquşmalar hava-su kimi lazımdır. Bununla Kreml guya Rusiyanın böyük bir düşmənə qarşı mübarizə apardığı, Ukraynaya da guya məhz bu səbəbə görə hücum edildiyi görüntüsünü yaratmağa çalışacaq. Və Putin hakimiyyətinə qarşı Rusiyada olan ictimai narazılıq, ictimai qəzəb başqa istiqamətə – süni formada yaradılmış düşmənə qarşı yönəldiləcək”.
“Amma istənilən halda sonuc Rusiya üçün ürəkaçan olmayacaq. Çünki müharibənin hər günü Rusiyanın sonunu daha da yaxınlaşdırır”, – deyə Y.Hacıyeva sonda əlavə edib.