Son yeniləmə: 28 İyun 2022 16:36
Bayraqdar.info – İyunun 24-də qardaş Qırğızıstanın Çolpon-Ata şəhərində yeni adıyla Türk Dövlətləri Parlament Assambleyasının (TürkPA) XI toplantısının keçirilməsi haqqında xəbər vermişdik. Onu da bildirmişdik ki, bayraqdar.info-nun media tərəfdaşı olan Türkel Media Qrupunun baş redaktoru Ramiz Məşədihəsənli şəxsən toplantının işini müşahidə edib, oradakı iştirakçıların fikirlərini öyrənib.
TürkPA-nın Çolpon-Ata toplantısı yüksək dəyərləndirilir – VİDEO
Həmkarımız R.Məşədihəsənli daha bir iştirakçının fikirlərini bizə göndərib. Oxucularımız üçün maraqlı olacağını nəzərə alaraq o fikirləri təqdim edirik.
Şenel Yediyıldız – Türkiyə Böyük Millət Məclisi millət vəkili: Biz TürkPA-nın XI toplantısını uğurla başa vurduq. Bir sıra qərarlar qəbul etdik. Sədrlik Qazaxıstandan Qırğızıstana keçdi. Bəzi komissiyaların da sədrlərini seçdik. Beləliklə TürkPA-nın yeni dönəm fəaliyyətinə keçmiş olduq. TürkPA türk dövlətlərinin ümumi birliyi istiqamətində çox önəmli addımlar atır. Yəni həm siyasi, həm sosial, həm də mədəni əlaqələr nöqteyi nəzərindən çox işlər görüldü və bundan sonra da görüləcək.
Qırğızıstan, Azərbaycan, Qazaxıstan, Özbəkistan birliyimiz üçün çox işlər görməkdədir. Biz də Türkiyə dövləti olaraq bu gənc müstəqil respublikaların inkişafı və güclənməsi üçün TürkPA adına nə lazımdırsa, etməyə hazırıq. Birlik və bərabərliyimiz nə qədər güclü olarsa, digər türk respublikaları da bir o qədər güclü hala gələ bilər, bir o qədər inkişaf edər və nəticədə bir-birimizə sahib çıxmış olarıq. Çünki zaman bunu tələb edir. Növbəti – XII TürkPA toplantısının 2023-cü il aprelin 27-29-da Türkiyədə keçirilməsi ilə bağlı qərarın yekdilliklə qəbulu da əbəs deyildi. Həm TürkPA-nın quruluşunun 15-ci ildönümü, həm də tarixi hadisə sayılan Türkiyə Cümhuriyyətinin qurulmasının 100-cü ildönümü geniş qeyd olunacaq. Əlbəttə, bu bayramlar bütün türk dünyasına uğurlu olsun.