Son yeniləmə: 28 İyun 2022 18:54
Bayraqdar.info – İyunun 28-dən etibarən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə təhsil üzrə müsahibələrin keçirilməsinə başlanılıb.
Bu barədə bayraqdar.info-ya Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, müsahibə mərhələsi Təhsil Nazirliyi, Dövlət Neft Fondunun nümayəndələri və müvafiq sahə üzrə ekspertin iştirakı ilə həyata keçirilir: “Müsahibənin nəticəsinə uyğun olaraq, namizədlər haqqında yekun qərar verilir”.
Qeyd edilib ki, Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat və magistratura təhsil səviyyələri üzrə dünyanın nüfuzlu universitetlərdə təhsil almaq üçün müvafiq Seçim Qaydalarının tələblərinə uyğun olaraq sənədləri uğurla təqdim etmiş və müsbət qiymətləndirilmiş namizədlər aidiyyəti üzrə növbəti mərhələ olan müsahibə mərhələsinə keçid əldə edirlər: “Proqram çərçivəsində sənəd qəbulu iyunun 6-da açıq elan edilmişdi. Sənəd qəbulu hazırda davam edir və son müraciət tarixi iyulun 15-i saat 23:59 müəyyən edilib. Dövlət Proqramının hədəf göstəricisi 2022–2026-cı illərdə, hər il 400 nəfərədək olmaqla, ümumilikdə isə 2000 nəfərədək Azərbaycan vətəndaşının xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilinin təmin edilməsidir. Dövlət Proqramı çərçivəsində xarici ali təhsil müəssisələrində təhsil yerlərinin ən azı 80 faizi ali təhsilin magistratura səviyyəsini əhatə edəcək”.