Press "Enter" to skip to content

Məcid Cavadi: “Kərimə dövləti” Quzeydə birilərinə mesaj ola bilər

Məcid Cavadi

Son yeniləmə: 28 İyun 2022 14:42

Güneyli fəaldan İranın son anti-Azərbaycan addımları ilə bağlı ilginc dəyərləndirmə

Bayraqdar.info – “Zaman-zaman Azərbaycana qarşı addımlar atan İran Taleh Bağırzadə məsələsində də bir daha bu cür mövqe sərgilədi. Belə ki, T.Bağırzadənin aclıq aksiyası ilə bağlı İranda normal olmayan media kampaniyası aparıldı”.

Bunu bayraqdar.info-ya özəl açıqlamasında Güney Azərbaycan Milli Dirəniş Təşkilatının Türkiyə təmsilçisi, eyni zamanda Mərkəzi Şura üzvü olan Məcid Cavadi deyib.

Onun sözlərinə görə, əslində, Quzey Azərbaycanda dövlət və qanunlar əleyhinə çağırış edən bəzi terrorçu və ya özlərini dindar adlandıran qrupların və şəxslərin lehinə İranda zaman-zaman belə təbliğatlar aparılırdı: “Bu cür dəstək kampaniyaları bəlli media qurumlarında, yaxud sosial şəbəkələrdə aparılırdı. Amma bu dəfə daha fərqli oldu. Belə ki, İranın dövlət televiziyası, dövlət qəzetləri də daxil mediada Azərbaycan dövləti əleyhinə çox geniş bir kampaniya aparıldı. Hətta bir neçə şəhərdə “etiraz” aksiyası təşkil edildi. Bütün bunlar onu göstərir ki, bu aksiyalar, anti-Azərbaycan kampaniyasının təşkilinin arxasında İran dövləti dayanır. Yəni İran dövlətinin hansısa orqanı bunu sistemli şəkildə təşkil edir”.

İranın gerçək üzü

Müsahibimiz deyib ki, bu aksiyalar zamanı İran tərəfinin guya Azərbaycanda dini kəsimin, xüsusilə də şiələrin müdafiəsinə qalxması iddiası çürük qoz kimidir: “Bu cür iddialar əsassız olmaqla yanaşı, İran dövlətinin qeyri-səmimi olduğunu bir daha ortaya qoyur. Xüsusilə də İkinci Qarabağ müharibəsi zamanı biz İranın hansı siyasət yürütdüyünü, Ermənistanın yanında olduğunu görmüşük. İran gerçəkdən də müsəlmanların qeydinə qalırsa, o zaman müharibədə Ermənistana dəstək verməməliydi. İran hər zaman olduğu kimi, bu gün də açıq şəkildə Ermənistana dəstək verir. Yəni İranın guya müsəlmanların, şiələrin müdafiəsinə qalxması iddiasının heç bir əsası yoxdur. İranın bu kampaniyalarda əsas məqsədi Azərbaycana təzyiqlər edib, bununla da türk dünyasının inkişafına əngəl törətməkdir. Bunların bütün addımları ancaq fars millətçilyinə xidmət edir və müsəlmanların müdafiəsi ilə heç bir əlaqəsi yoxdur”.

“İran mədəniyyəti ilə Turan vəhşiliyi qarşı-qarşıyadır” kimi həyasız iddialar

O ki qaldı İranın bu dəfə, necə dəyərlər, Azərbaycana qarşı açıq oynamasına, M.Cavadi hesab edir ki, bunun bir neçə səbəbi var: “Mənim qənaətimə görə, T.Bağırzadə İran dövləti ilə çox yaxın əlaqədədir. Onun bir dəlili budur ki İranda hazırda məskunlaşmış Azərbaycan Respublikasının vətəndaşlarının burada addımlarını görürürk. Həmin şəxslər açıq şəkildə Azərbaycan dövlətini təhdid edirlər. Hətta bir qədər də irəli gedib iddia edirlər ki, Azərbaycan İranın bir əyaləti olub və yenə də İranın tərkibinə qatılmaldır. Belələri “Biz Azərbaycanda islam dövləti quracağıq”, “İran mədəniyyəti ilə Turan vəhşiliyi qarşı-qarşıyadır” kimi həyasız iddialar səsləndirirlər. Bu tip insanlar T.Bağırzadənin əməllərini açıq şəkildə müdafiə edirlər”.

Qeyd olunub ki, İranın bu dəfə daha qəzəbli görünməsinin əsas səbəblərindən biri də Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı və ondan sonra cərəyan edən proseslərlə, ümumilikdə İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın dövlət siyasəti ilə bağlıdır: “Yəni İran bir növ Azərbaycan dövlətinə diş qıcayır. Amma bunun heç bir təsiri olmayacaq. Çünki İran İkinci Qarabağ müharibəsində Ermənistan yanlısı siyasəti ilə Quzey Azərbaycanda olan-qalan ictimai dəstəyini də ciddi mənada itirdi”.

Bu, ölkənin konstitusion quruluşunun devrilməsinə çağırışlardır

M.Cavadi T.Bağırzadənin aclıq aksiyası ilə bağlı ilginc bir məqama da toxunub: “Çox maraqlıdır ki, bu adam aclıq aksiyasını Sergey Lavrovun Tehrandan Bakıya getdiyi gün dayandırdı. Məncə bu məqamı diqqətdən qaçırmaq olmaz. Yəni onun bu aksiyanı məhz həmin gün dayandırmasının arxasında bir üstüörtülü mesaj var. İstənilən halda İrana bəlli dairələrin, həmçinin Azərbaycanda hansısa “İlahi Kərimə dövləti” quracağını bəyan edən bəzi şəxslərin T.Bağırzadəni müdafiə etməsi hər şeyi gün kimi ortaya qoyur. Nəzərə alsaq ki, Azərbaycanda hansısa xəyali dövlətin qurulacağına dair çağırışlar, əslində, ölkənin konstitusion quruluşunun devrilməsinə çağırışlardır və bu, birbaşa cinayətdir. Bu cinayətə səsləyən və İrana sığınan kəslərin T.Bağırzadəni müdafiə etməsi və onların bu cür gülünc iddialarını məhz T.Bağırzadənin aclığını bəhanə edərək dilə gətirməsi baş verənlərin əsl mahiyyətini gün üzünə çıxarır”.

“Onu da deyim ki, bu “Kərimə” kəlməsi də mənə maraqlı gəlir. O mənada ki, “Kərimə dövləti” deyə bir termin yoxdur. Mən İran tarixində, ədəbiyyatında, dini tarixində “Kərimə dövləti” deyə bir terminə rast gəlməmişəm, bu vaxta kimi bununla bağlı heç nə eşitməmişəm. Əslində, bu “Kərimə” kəlməsini eşidəndə Quzey Azərbaycanda müxalifət olduğunu iddia edən, amma həm də bir formada İranla da sıcaq münasibətlərdə olan biriləri mənim ağlıma gəlir. Hər halda bu da bir ehtimaldı. Amma bunu bilirəm ki, İranda, şiəlik ədəbiyyatında, fars ədəbiyyatında “Kərimə dövləti” deyə bir şey yoxdur. O baxımdan “əcəba, “Kərimə dövləti” iddiası Quzeydə hansısa qüvvələrdən siyasi dəstək almağa hesablanmış bir mesaj ola bilərmi” sualı da yaranır bəzən”, – deyə M.Cavadi sonda əlavə edib.

Mission News Theme by Compete Themes.