Press "Enter" to skip to content

Konyada mühüm toplantı

Konya şəhərində Türk-İslam dünyası şəhid və qazi ailələrinin birinci böyük toplantısı keçirilib

Son yeniləmə: 28 İyun 2022 07:17

Bayraqdar.info – İyunun 24-dən 26-na qədər qardaş Türkiyənin Konya şəhərində Türk-İslam dünyası şəhid və qazi ailələrinin birinci böyük toplantısı keçirilib. Toplantı Türkiyə Müharibə Əlilləri, Şəhid, Dul və Yetimləri Dərnəyinin təşkilatçılığı ilə Konyadakı Səlcuqlu Konqres Mərkəzində təşkil edilib.

Bu barədə bayraqdar.info-ya “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli məlumat verib.

Onun sözlərinə görə, toplantıda Türkiyə, Azərbaycan, Kuzey Kıbrıs, Bosniya türklərini, İraq və Suriya türkmənlərini, həmçinin, Krım tatarlarını qurum və ya fərd olaraq təmsil edən 200-dən çox iştirakçı olub. Qeyd edilib ki, Azərbaycandan olan nümayəndə heyətinə “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli, Vətən müharibəsi qazisi, Xüsusi Təyinatlılar veteranı Elçin Fətullayev və başqaları daxil olub.

Konya Valiliyində görüşdən
Konya Valiliyində görüşdən

E.Həsənli deyib ki, Azərbaycanı təmsil edən qrup bu səfərə Türkiyə Müharibə Əlilləri, Şəhid, Dul və Yetimləri Dərnəyinin başqanı Mustafa İşığın dəvətiylə yollanıb: “Böyük toplantıdan əvvəl Mustafa İşıq və heyət rəhbərləri Konya valisi Vəhdəttin Özkan, Səlcuqlu Bələdiyyə başqanı Əhməd Pekyatırmacı və Qaratay Bələdiyyə başqanı Həsən Kılca ilə görüşdü. Görüşlərdə önəmli mövzulara dair fikir mübadiləsi aparıldı, həmçinin qarşılıqlı olaraq rəmzi hədiyyələr təqdim olundu”.

E.Həsənli qeyd edib ki, iyunun 25-də toplantıya qatılacaq qonaqlar Konyada Mövlanə Cəlaləddin Rumi türbəsini və şəhərdəki digər görməli yerləri ziyarət ediblər: “Onu da deyim ki, böyük toplantı maraqlı anlarla yadda qaldı. Toplantıya canlı bağlantı ilə qatılan Türkiyənin daxili işlər naziri Süleyman Soylu ölkədəki yanğın fəlakəti səbəbindən işlərinin çoxluğunu və bu tədbirdə əyani iştirak edə bilməməsindən doğan dərin təəssüfünü bildirdi. S.Soylu şəhid ailələri və qazilərə davamlı maddi və mənəvi dəstəyi müqəddəs borc bildiklərini, türk xalqı və başda Cümhurbaşqanı Recep Tayyip Erdoğan olmaqla Türkiyə dövlətinin bununla bağlı əlindən gələni etməyə sonsuz əzmlə, məhəbbətlə çalışdığını dedi. Daha sonra Konya valisi Vəhdəttin Özkan, Böyükşəhər Bələdiyyəsinin katibi Ərcan Uslu, Türkiyə Müharibə Əlilləri, Şəhid, Dul və Yetimləri Dərnəyinin başqanı Mustafa İşıq və başqaları çıxış etdilər. Toplantı boyunca Hərbi Orkestrin canlı ifasında türk dünyasının hərbi-vətənpərvərlik marş və mahnıları səsləndirildi”.

Mission News Theme by Compete Themes.