Son yeniləmə: 28 İyun 2022 07:13
Bayraqdar.info – İyunun 27-də dünyada mikro, kiçik və orta sahibkarlar günü münasibətilə “Davamlılıq və yenidənqurma: davamlı inkişaf üçün KOB-lar” mövzusunda konfrans keçirilib.
Bu barədə bayraqdar.info-ya Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) məlumat verilib.
Bildirlib ki, konfrans Nyu-Yorkda BMT-nin Baş Qərargahında Kiçik Biznes üzrə Beynəlxalq Şuranın təşkilatçılığı, BMT-nin Ticarət və İnkişaf Konfransının (UNCTAD), Sənayenin İnkişafı Təşkilatının (UNIDO) və s. təşkilatların dəstəyi ilə keçirilib.
Tədbirdə Azərbaycanı KOBİA rəhbərliyi təmsil edib: “Tədbirdəki çıxışında KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov KOB-ların inkişafı, şaxələnməsi və innovasiya səviyyəsinin ölkələrin inkişaf səviyyəsinin göstəricisi olduğunu qeyd edib. Vurğulanıb ki, bütün dünyada olduğu kimi Azərbaycanda da KOB-lar məşğulluğa, iqtisadi artıma və davamlı inkişafa töhfə verir”.
Çıxışda bildirilib ki, Azərbaycanda sahibkarların 99 faizini KOB-lar təşkil edir: “Orxan Məmmədov KOBİA-nın fəaliyyəti, ölkəmizdə KOB-ların dəstəklənməsi üçün həyata keçirilən tədbirlər və dəstək alətləri barədə məlumat verib”.
O da qeyd edilib ki, dayanıqlı inkişaf məqsədlərinə, eləcə də iqtisadiyyatın davamlı inkişafına verdiyi töhfəyə görə BMT Baş Assambleyasının qətnaməsinə əsasən bu tarix “Kiçik biznesin böyük təsiri” şüarı ilə 2017-ci ildən etibarən qeyd olunur.