Son yeniləmə: 28 İyun 2022 07:21
Bayraqdar.info – İyunun 24-dən 26-dək Portuqaliyanın Koimbra şəhərində batut gimnastikası və tamblinq üzrə Dünya kuboku və “Soimbra Gym Fest 2022” adlı beynəlxalq turnir keçirilib.
Bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Dünya kubokunda Azərbaycanı Selcan Mahsudova, Mixail Malkin, Tofiq Əliyev, Adil Hacızadə, beynəlxalq turnirdə isə Maqsud Mahsudov, Hüseyn Abbasov, Bilal Qurbanov, Aleksey Karataşov, Hüseyn Əsədullayev təmsil edib.
Qeyd edilib ki, Dünya kubokunda Azərbaycan komandasına yeganə medalı tamblinqçimiz Mixail Malkin qazandırıb: “İdmançı bütün rəqiblərini üstələyərək fəxri kürsünün birinci pilləsində yer alıb. Bu növ üzrə finalda mübarizə aparan tamblinqçimiz Tofiq Əliyev və batutçumuz Selcan Mahsudova isə Dünya kubokunu 5-ci pillədə başa vurub”.
Beynəlxalq turnirdə fərdi növdə mübarizə aparan yığma komandanın üzvləri Maqsud Mahsudov (batut), Aleksey Karataşov (tamblinq) qızıl, Bilal Qurbanov (tamblinq) isə gümüş medal qazanıb.