Press "Enter" to skip to content

İƏT çərçivəsində Azərbaycana növbəti dəstək

Son yeniləmə: 28 İyun 2022 19:28

İƏT Turizm Nazirlərinin 11-ci Konfransında qəbul edilən Qətnamədə Ermənistanın cinayətkar əməlləri pislənilib

Bayraqdar.info – Xəbər verdiyimiz kimi iyunun 28-də Bakı Konqres Mərkəzində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Turizm Nazirlərinin 11-ci Konfransı keçirilib. Konfransda təşkilata üzv dövlətlərin turizm nazirləri və nazir müavinləri, səfirlər, İƏT-in 7 alt institutu olan beynəlxalq təşkilatların təmsilçiləri, dövlət rəsmiləri və ekspertlər daxil olmaqla 39 ölkədən 160-dan artıq nümayəndə iştirak edib.

Beynəlxalq qurumda rəhbərlik Azərbaycana keçib

Konfrans Dövlət Turizm Agentliyin sədri Fuad Nağıyev tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevin salamlama mətninin oxunması ilə işinə başlayıb.

Azərbaycan hər zaman İƏT-in fəaliyyətini dəstəkləyib

Dövlət Turizm Agentliyindən (DTA) bayraqdar.info-ya verilən məlumata əsasən mətndə İƏT-in Azərbaycanın müstəqilliyinin bərpasından sonra üzv olduğu ilk beynəlxalq təşkilatlardan biri olması, 2021-ci ildə Azərbaycan Respublikasının İslam Əməkdaşlıq Təşkilatına üzv olmasının 30 illiyinin tamam olması, Azərbaycanın hər zaman İƏT-in fəaliyyətini dəstəklədiyi, üzv dövlətlər arasında həmrəyliyin, birliyin möhkəmləndirilməsi yolunda səylər göstərdiyi qeyd olunub: “Həmçinin salamlama mətnində 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunması, Azərbaycanın IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi vurğulanıb. İƏT-in istər işğal müddətində Azərbaycana qarşı təcavüzü və işğalı pisləyən, ölkəmizin suverenliyini və ərazi bütövülüyünü dəstəkləyən çoxsaylı qətnamə və bəyanatlar qəbul etməsi, istərsə də müharibə zamanı nümayiş etdirdiyi qətiyyətli mövqe və Azərbaycanın haqq işinə dəstək verməsi alqışlanıb”.

Kofrans zamanı
Kofrans zamanı

Mətndə işğaldan azad olunmuş ərazilərdə Ermənistan tərəfindən bütün mədəni irsin, İslam dininə aid bütün abidələrin, 67 məsciddən 65-nin yerlə-yeksan edilməsi, digər məscidlərə ciddi zərər vurulması, təhqiramiz əməllər törədilərək yalnız azərbaycanlıların deyil, bütün dünya müsəlmanlarının hisslərini təhqir edilməsi, ekosid törədilməsi qeyd olunub, İslam tarixi və mədəni abidələrinin, ziyarətgahlarının Ermənistan tərəfindən dağıdılmasının və talan olunmasının qəti şəkildə pislənməsinə görə üzv dövlətlərə və Katibliyə təşəkkür bildirilib.

İƏT-ə üzv dövlətlərdən 3 milyondan çox turist gəlib

Mətndə pandemiyadan əvvəlki 3 il ərzində İƏT-ə üzv dövlətlərdən ölkəmizə 3 milyondan çox turist gəldiyi qeyd olunub və qarşıdakı illərdə üzv dövlətlərdən turist axının sürətlənəcəyinə və turizm əlaqələrinin daha da genişlənəcəyinə inam ifadə olunub. Sonda sessiya çərçivəsində aparılacaq müzakirələrin turizm əməkdaşlığının artırılması üçün yeni ideya və təşəbbüslərin irəli sürülməsinə, qardaş xalqlarımız arasında etimad və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə xidmət edəcəyi vurğulanıb və sessiyanın işinə uğurlar arzulanıb.

Qarşılıqlı əlaqələrin inkişafında mühüm platforma

Daha sonra tədbir Fuad Nağıyevin çıxışı ilə davam edib. F.Nağıyev görüşün pandemiyadan sonra İslam ölkələrinin turizm rəsmilərinin ilk görüşü olduğunu, konfransın üzv ölkələr arasında qarşılıqlı əlaqələrin inkişafında mühüm platforma kimi çıxış etdiyini bildirib.

O qeyd edib ki, İslam ölkələri arasında turizm əlaqələrinin inkişafı pandemiyadan sonrakı bərpa prosesini sürətləndirəcək.

Fuad Nağıyev tədbirdə çıxış edərkən
Fuad Nağıyev tədbirdə çıxış edərkən

F.Nağıyev Azərbaycanın İƏT-ə üzv olan dövlətlərlə qarşılıqlı turizm əlaqələrinin inkişaf etməkdə olduğunu, Azərbaycana İslam ölkələrindən gələn turistlərin say nisbətinin ümumi turistlərin 55 faizini təşkil etdiyini, təşkilata üzv ölkələrin əsas şəhərləri ilə Bakı arasında birbaşa uçuşların sayının artması və sadələşdirilmiş viza rejiminin mövcud olmasının bu rəqəmlərin daha da artmasına töhfə verəcəyinə ümid etdiyini diqqətə çatdırıb.

Agentlik sədri Azərbaycanda turizm sənayesinin postpandemiya dövründə sürətlə bərpa olunmağa başladığını, artıq ilin ilk 5 ayı ərzində ölkəmizə gələn xarici vətəndaşların sayının keçən illə müqayisədə 118 faiz artdığını qeyd edib.

İƏT və üzv dövlətlər Azərbaycanın haqlı mövqeyini daim dəstəkləyib

F.Nağıyev çıxışında həmçinin Azərbaycanın azad edilmiş torpaqlarında işğal müddətində dini əhəmiyyətli tarixi abidələrin, irs nümunələrinin, məscid və türbələrin məhv edildiyi, dövlətimiz tərəfindən Qarabağın və işğaldan azad olunan digər ərazilərin bərpası istiqamətində irimiqyaslı işlərin görüldüyü haqqında məlumat verib: “O, işğal müddətində İƏT-in və üzv dövlətlərin ölkəmizin haqlı mövqeyini daim dəstəklədiyini vurğulayaraq dağıntıları, eləcə də azad edilən torpaqlarda aparılan yenidənqurma və bərpa işlərini müşahidə etmək üçün qonaqları Şuşaya dəvət edib. Fuad Nağıyev konfransda qəbul ediləcək Bakı Bəyannaməsində turizm təhsili, ölkələrarası təcrübə mübadiləsi və əməkdaşlıq, həmçinin üzv dövlətlərin özəl sektorunun işğaldan azad olunan ərazilərdə sülhquruculuğu və yenidənqurma işlərinə cəlb olunması imkanlarını yüksək qiymətləndirdiyini bildirib”.

Turizm əlaqələrinin genişlənməsi İslam həmrəyliyinə töhfə verir

Sonra Təşkilatın Baş katibi Hissein Brahim Taha konfransın yüksək təşkilatçılığı üçün Azərbaycan tərəfinə təşəkkür edərək, İƏT üzvləri arası turizm əlaqələrinin genişlənməsinin İslam həmrəyliyinə töhfə verdiyini qeyd edib.

Təşkilatın Baş katibi Hissein Brahim Taha
Təşkilatın Baş katibi Hissein Brahim Taha

Məlumatda o da qeyd edilib ki, “Turizmin İnkişafında Yerli İcmaların Rolu” mövzusunda keçirilən konfransda “Turizmin inkişafı üzrə İƏT çərçivə sənədi”nin icrası və “İƏT-ə üzv dövlətlərdə İslam turizminin inkişafı üzrə Strateji Yol Xəritəsi”nin həyata keçirilməsi kimi məsələrlə yanaşı, üzv ölkələrdə turizm infrastruktur layihələri, birgə turizm tədqiqatları və təbliğat tədbirləri, turizm sərgiləri üzrə əməkdaşlıq, İslam mədəniyyəti və irsi üzrə turizmin inkişafı kimi məsələlər müzakirə olunub, müxtəlif ölkələrin turizm təcrübəsi haqqında təqdimatlar edilib.

İşğaldan azad olunan torpaqlarda infrastrukturun inkişafı layihələrinə dəstək

DTA-dan verilən məlumata görə Konfransında “Turizmin İnkişafı üzrə Qətnamə” və “Bakı Bəyannaməsi” qəbul edilib.

Məlumatda deyilir ki, “Turizmin İnkişafı üzrə Qətnamə” sənədində azad olunmuş torpaqlarda təbii resursların qeyri-qanuni istismarı, ekosistem və şəhər infrastrukturunun, xüsusilə mədəni və tarixi irsin məhv edilməsi, eləcə də Ermənistan ərazisində İslam mədəni və tarixi abidələrinin dağıdılması pislənilib.

Həmçinin qətnamədə Azərbaycanın işğaldan azad olunan torpaqlarında infrastrukturun inkişafı layihələrinin icrasına üzv dövlətlərin özəl sektorunun cəlb edilməsi imkanları haqqında qərar qəbul edilib.

Konfransında Turizmin İnkişafı üzrə Qətnamə və Bakı Bəyannaməsi qəbul edilib
Konfransında Turizmin İnkişafı üzrə Qətnamə və Bakı Bəyannaməsi qəbul edilib

“Bakı Bəyannaməsi” sənədində isə qarşılıqlı maraqlar əsasında üzv ölkələr arasında sağlamlıq, eko, mədəni və kənd turizminin inkişafı, birgə təşəbbüslərin dəstəklənməsi, sərgilərdə iştirak üzrə əməkdaşlıq, dayanıqlı turizmin inkişafı istiqamətində müştərək tədbirlərin həyata keçirilməsi, İslam mədəni və tarixi irsinin qorunması və təbliği, turizmin İslam haqqında təsəvvürlərin təkmilləşməsində oynayacağı rol, maliyyə institutlarının və özəl sektorun üzv dövlətlərdə turizmə investisiya qoyuluşuna cəlbi kimi məsələlər öz əksini tapıb.

Konfransda İƏT üzvlərinin Turizm nazirlərinin növbəti 12-ci Konfransının Mərakeş Krallığında keçirilməsi qərarlaşdırılıb.

Nazirlər Heydər məscidində namaz qılıblar

Həmçinin 2023-cü il üçün Türkiyənin Şanlıurfa şəhəri və 2024-cü il üçün isə Özbəkistanın Xiva şəhəri İslam dünyasının turizm paytaxtı seçilib.

Konfrans iştirakçılarının iyunun 29-da Şuşa şəhərinə səfəri nəzərdə tutulur.

One Comment

Comments are closed.

Mission News Theme by Compete Themes.