Press "Enter" to skip to content

Dövlət qurumları hələ də kağız formada sənəd tələb edir…

Osman Gündüz

Son yeniləmə: 28 İyun 2022 12:43

Osman GÜNDÜZ

Bayraqdar.info – Az qala 20 il olur ki, ölkədə elektron hökumət quruculuğu prosesi gedir. İlkin dövrlərdə bu prosesi hansı dövlət qurumu necə istəyibsə, elə də aparıb.

12 ildir ki, bu proses sistemli olaraq, səlahiyyətli dövlət qurumunun nəzarəti altında həyata keçirilir.

2018-ci ilədək prosesə RİNN nəzarət edib, 4 ildən çoxdur ki, ölkədə rəqəmsal hökumət quruculuğuna ASAN, daha doğrusu onun tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzi cavabdehdir.

Rəqəmsal hökumətə keçidlə bağlı Prezidentin müvafiq fərmanından sonra sektorda müəyyən dinamika olsa da son zamanlar müşahidə olunur ki, bu proses xeyli səngiyib.

Ən ciddi problem də dövlət qurumlarına məxsus dataların inteqrasiyasdır.

eGov Mərkəzi elektron hökumətimizin “oturduğu” xarici resurs – xRoad sistemi əvəzinə ciddi əhəmiyyət kəsb edən ASAN Bridge hazırlayandan sonra bu proses xeyli sürətlənmişdi.

Lakin görünən odur ki, inteqrasiya başa çatmaq bilmir, yenə də vətəndaşlardan kağız formada sənədlər tələb olunur.

Hansı ki, həmin sənəd elektron formada digər bir dövlət qurumunda var. İnteqrasiya olmadığından, başqa bir dövlət qurumu məcburdur ki, həmin sənədi tələb etsin. Qısa desək, hələlik rəqəmsal hökumət quruculuğu dövlət sektorunda kağız bürokratiyasını aradan qaldıra bilməyib.

Hələ də vətəndaşdan müxtəlif arayışlar və çıxarışlar tələb olunur. Hansı ki artıq xeyli müddətdir bunları eGov Mərkəzi rəqəmsal formada hazırlayıb və MyGov-da yerləşdirib. Lakin bir çox dövlət qurumalrı onları tanımaqdan imtina edir.

Düşünürəm ki, hər hansı bir dövlət orqanında artıq vətəndaşla və ya hansısa bizneslə bağlı məlumat varsa, onun digər dövlət qurumunun kağız və ya elektron formada tələb etməsi və ya toplamasının rəsmi olaraq QADAĞAN edilmə zamanı yetişib.

Əks halda dataya özəl yanaşma davam edəcək, yəni elə dövlət qururmları var ki, “oturub” özünün yaratdığı DATA-nın üzərində və heç kimlə paylaşmaq fikri yoxdur.

Belə olanda da mövcud servislər tam funksional fəaliyyət göstərə bilmir. Həm vətəndaşlar, həm də biznes üçün datalara və servislərə çıxışla bağlı problemlər yaranır.

Görünən odur ki, eGov Mərkəzi bu tip bəzi dövlət qurumlarına da iteqrasiya ilə bağlı təsir edə bilmir.

Odur ki, qanunvericilik qaydasında bu məsələ həll olunmasa, dövlət sektorunda mövcud olan informasiyanın yenidən toplanması QADAĞAN edilməsə, dövlətə məxsus mövcud DATA rəsmi sənəd olaraq qəbul olunmasa, inteqrasiya və rəqəmsal transformasiya məsələləri uzun illər ləngiməkdə davam edəcək.

Bəzən də müşahidə olunur ki, bir sıra dövlət qurumları üçün rəqəmsallaşma hər il dövlətdən böyük vəsaitlər əldə etmək üçün bir imkandır. Bir-birini təkar edən sistemlər, alt sistemlər formalaşdırılır, mənasız informasiya sistemləri yaradılır və onların saxlanılmasına hər il milyonlarla vəsait silinir.

Nəticədə effektivlik aşağı düşür, dövlət sektorunda optimizasiya və çeviklik səngiyir, korrupsiya riskləri artır, xidmətlərin keyfiyyəti aşağı düşür və s.

Fikrimcə, bu istiqmaətdə ciddi audit, monitorinq işləri aparılmalıdır.

Düşünürəm ki, indiki halda bu problemin daha sürətli həllinə Prezident fərmanları ilə nail olmaq olar.

Əgər vətəndaşdan və ya sahibkardan yenə də kağız sənədlər, arayışlar tələb olunacaqsa və bu hal uzun illər sonsuz olaraq davam edəcəksə, biz rəqəmsal hökumət qura bilməyəcəyik.

Artıq zaman yetişib ki, dövlət qurumları vətəndaşı və biznesi əlavə işlərlə, əlavə bürokratik mexanizmlərlə yükləmədən mövcud datanı öz aralarında inteqrasiya etməklə problemi həll etsin.

Düşünürəm ki, ASAN-ın, eGov Mərkəzinin bu istiqamətdə səylərini gücləndirməsi çox vacibdir.

Mission News Theme by Compete Themes.