Son yeniləmə: 28 İyun 2022 14:29
Bayraqdar.info – İyunun 27-də Azərbaycanın Almaniyadakı səfirliyində Şuşa ili çərçivəsində muğam konserti və sərgi keçirilib. Həmin gün həmçinin, ziyafət təşkil olunub.
Bu barədə bayraqdar.info-ya iyunun 28-də səfirlikdən məlumat verilib.
Bildirilib ki, tədbir Berlində yeni istifadəyə verilmiş Azərbaycanın Almaniyadakı səfirliyinin tabeliyindəki Mədəniyyət Mərkəzində baş tutub: “Tədbiri giriş sözü ilə açan Azərbaycanın Almaniyada fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov Şuşa şəhəri və onun Azərbaycan xalqının tarixi və mədəniyyətindəki xüsusi yeri barədə məlumat verib. Bildirib ki, Şuşa şəhərinin əsası 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulub, şəhər qısa müddət sonra xanlığın paytaxtına çevrilib. Şəhər bir müddət sonra nəinki Azərbaycanın, eləcə də regionun mühüm iqtisadi-ticarət mərkəzlərindən biri kimi fəaliyyət göstərib”.
Məlumata əsasən səfir vurğulayıb ki, 30 illik Ermənistan işğalı dövründə Şuşa şəhərinin də mədəni irs abidələri vəhşicəsinə dağdılaraq yox edilməyə çalışılıb. Ramin Həsənov qeyd edib ki, Şuşa şəhərinin 44 günlük Vətən müharibəsi dövründə 8 may 2020-ci ildə Azərbaycan Prezidenti, müzəffər Ali baş komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuz tərəfindən işğaldan azad olunduğunu deyib.
Səfir R.Həsənov Şuşa şəhərinin bərpası ilə bağlı görülən genişmiqyaslı işlər barədə tədbir iştirakçılarını məlumatlandırıb: “Səfir çıxışında həmçinin Şuşanın Azərbaycan mədəniyyəti və musiqisinin mərkəzi, Mir Mövsüm Nəvvab Qarabaği, Seyid Şuşinski, Cabbar Qaryağdıoğlu, Hacı Hüsü, Üzeyir Hacıbəyli, Zülfüqar Hacıbəyov, Niyazi, Rəşid Behbudov kimi bir çox dünya şöhrətli musiqiçilərin vətəni olduğunu qeyd edib. Bildirib ki, şəhərin erməni işğalından azad edilməsindən cəmi 6 ay sonra Cıdır düzündə “Xarıbülbül” festivalının keçirilməsi bərpa olunub və bununla da Azərbaycan müsiqisinin ölkənin mədəniyyət paytaxtına geri dönüşü baş tutub”.
Səfirinin çıxışından sonra muğam konserti olub: “Konsertdə əməkdar artistlər Sahib Paşazadə (tar), Toğrul Əsədullayev (kamança), Kamran Kərimovun (nağara) müşayiəti ilə tanınmış xanəndələr Güllü Muradova və Babək Niftəliyevin ifasında muğam müsiqisinin nümunələri səsləndirilib. Berlində fəaliyyət göstərən azərbaycanlı pianoçu Nərmin Nəcəfli konsert zamanı həmçinin Azərbaycan və dünya bəstəkarlarının musiqilərini ifa edib. Tədbir çərçivəsində həmçinin Azərbaycanın Almaniyadakı səfirliyi və “Arts Council Azerbaijan” təşkilatının birgə təşkilatçılığı ilə “Qəlbim Qarabağdadır” adlı sərgi də olub. Sərgidə 8-15 yaşlı uşaqların Şuşa şəhəri ilə bağlı rəsm əsərləri tədbir iştirakçılarının diqqətinə təqdim edilib”.
O da vurğulanıb ki, konsertdən sonra tədbir münasibətilə ziyafət təşkil olunub: “Ziyafət zamanı iştirakçılara Azərbaycanın mədəniyyətini, mətbəxini, turizm potensialını, ölkəmizdə sərmayə imkanlarını təbliğ və təşviq edən çoxsaylı kliplər nümayiş etdirilib. Tədbirdə Almaniyanın dövlət qurumlarının, ictimai-siyasi, elmi, mədəni dairələrinin, Almaniyada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri və Almaniyadakı Azərbaycan diasporunun təmsilçiləri iştirak ediblər”.