Press "Enter" to skip to content

ABŞ Rusiyanı terror dövləti kimi tanıyacaq – VİDEO

Volodimir Zelenski

Son yeniləmə: 28 İyun 2022 14:49

Bayraqdar.info – Rusiyanın təcavüzü nəticəsində böyük bir hissəsi işğal edilərək xarabazara çevrilmiş Ukraynanın Prezidenti Volodimir Zelenski növbəti video müraciətində bildirib ki, ABŞ-dan Rusiyanı terror dövləti kimi tanımağı xahiş edib. O, əlavə edib ki, artıq ABŞ bu istiqamətdə ilkin prosedurlara başlayıb.

“Rusiya dünyanın ən böyük terror təşkilatına çevrilib və bu, hüquqi fakt olmalıdır”, – deyə V.Zelenski bildirib.

Ukrayna Prezidenti Rusiya işğalçılarının Kremençuq ticarət mərkəzini raket atəşinə tutaraq dinc insanları öldürməsini də növbəti terror aktı kimi dəyərləndirib: “Dinc şəhər, adi bir ticarət mərkəzi, içəridə qadınlar, uşaqlar, sadə mülki insanlar… Hava xəbərdarlığı elan edilənə qədər ticarət mərkəzində minə yaxın insan var idi. Xoşbəxtlikdən, bildiyimizə görə, bu zaman çox adam çıxa bilib. Onlar çıxa bildilər. Ancaq içəridə hələ də insanlar var idi: işçilər, bəzi ziyarətçilər”.

“Belə obyektə yalnız tamamilə qəddar, yer üzündə yeri olmayan terrorçular raket zərbələri endirə bilər. Və bu, səhvən raketlərin vurulması deyil. Bu, hesablanmış Rusiya zərbəsidir – məhz bu ticarət mərkəzinə. Hazırda qurbanların sayını müəyyən etmək mümkün deyil. 10 min kvadratmetrdən çox sahədə yanğın baş verib. Xilasetmə əməliyyatı davam edir. Lakin itkilərin əhəmiyyətli ola biləcəyini bilməliyik. Hazırda 12 nəfər ölüb, 24 nəfər yaralanıb. Nə qədər insan dağıntılar altındadır – biz müəyyən edirik.” Bu sözlər də V.Zelenskiyə aiddir.

Prezident daha sonra bildirib ki, “bu gün səhər mən ABŞ-a müraciət etdim ki, Rusiyanı terroru himayə edən dövlət kimi tanısın. Müvafiq qətnamə ABŞ Senatının komitəsi tərəfindən təsdiqlənir, hüquqi qərar isə Dövlət Departamenti tərəfindən verilə bilər. Belə bir qərar birmənalı şəkildə lazımdır və onu bütün demokratik dünya dəstəkləməlidir. Mən bunu Almaniyada keçirilən G7 sammitinin iştirakçılarına demişəm”.

“Bu günə qədər Rusiya Ukraynaya qarşı təxminən 2 min 800 müxtəlif qanadlı raketdən istifadə edib. Şəhərlərimizi vuran aviabombaların və reaktiv qumbaraatanların sayını sadəcə hesablamaq mümkün deyil. Dörd aylıq müharibədə onlardan yüz minlərlə dəfə istifadə olunub. Bu, terrordan başqa bir şey deyil”, – deyə V.Zelenski sözünə davam edib.

Mission News Theme by Compete Themes.