Bayraqdar.info – Bugünlərdə Azərbaycanda səfərdə olan Rusiya xarici işlər naziri Sergey Lavrov bildirmişdi ki, ATƏT-in Minsk Qrupu ABŞ və Fransanın yanaşması üzündən fəaliyyətini dayandırıb.
İyunun 28-də ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosu bu məsələyə aydınlıq gətirən paylaşım edib. Paylaşıma görə, ABŞ heç də MQ-da fəaliyyətini dayandırmayıbmış…
Büronun sosial media paylaşımında deyilir: “ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri bu gün öz həmkarlarıyla əlaqə saxlayaraq Dağlıq Qarabağın gələcəyini müzakirə etmək istəyib. Təəssüf ki, Rusiyadan olan həmsədr çağırışı qəbul etməyib. Biz Minsk Qrupunun işinin davam etdirilməsi üçün gözləyirik”.
The U.S. OSCE Minsk Group Co-Chair spoke with her counterparts today to discuss the future of Nagorno-Karabakh. It's unfortunate the Russian Co-Chair did not accept the invitation. We look forward to the Minsk Group’s continuing work.
— Assistant Secretary Jim O'Brien (@StateEUR) June 27, 2022
Əslinə qalanda, ABŞ və Fransa həqiqətən də ATƏT-in bu işə yaramaz Minsk Qrupunun fəaliyyətinin mənasız olduğunu bildiyi üçün fəaliyyətini faktiki dayandırıb. Lakin hər məsələdə Rusiya ilə eyni mövqedə olmadıqlarını bildirmək fürsətindən yararlanmaq kimi bir xasiyyətləri olduğu üçün bu dəfə də imkanı əldən verməyiblər. Və nəticədə onsuz da iş birliyindən imtina edəcəyini bildikləri Rusiya ilə əlaqə saxlayaraq bir növ günahı onun üzərinə atıblar.
Ümumiyyətlə isə Azərbaycan bu qrupun artıq işə yaramadığını əməldə göstərib. 30 ilə yaxın bir müddətdə fəaliyyət göstərib bir qarış belə Azərbaycan torpağının işğaldan azad edilməsinə nail olmayan MQ bundan sonra da heç bir işə yaraya bilməz. Səbəbsə çox sadədir: onların “Dağlıq Qarabağ münaqişəsi” dediyi durum artıq çözülüb və ümumiyyətlə “Dağlıq” adında bir Qarabağ da yoxdur…