Press "Enter" to skip to content

Qalib ordunun yaranma günü

Emin Həsənli

Son yeniləmə: 26 İyun 2022 09:27

Emin Həsənli: Azərbaycan xalqı Silahlı Qüvvələrin hər bir mənsubu ilə fəxr edir

Bayraqdar.info – “26 iyun Azərbaycan tarixində çox önəmli günlərdən biridir. 1918-ci ildə Şərqdə ilk demokratik respublikanı – Xalq Cümhuriyyətini məhz bizim babalarımız qurub. Həmin Cümhuriyyətin mövcud olduğu 23 ay ərzində çox böyük, mühüm qərarlar qəbul edilib. Belə tarixi qərarlardan biri də Azərbaycan Ordusunun – Silahlı Qüvvələrinin yaradılması ilə bağlı olub”.

Bunu bayraqdar.info-ya özəl açıqlamasında “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli deyib.

Azərbaycan Ordusunun yaradılması istiqamətində tarixi addım

O, qeyd edib ki, həmin vaxt bu qərar olduqca çətin şəraitdə qəbul edilib: “Tarixdən bəlli olduğu kimi Xalq Cümhuriyyəti 1918-ci il mayın 28-də Tbilisidə elan edildi və müvəqqəti olaraq Gəncədə yerləşməli oldu. Çünki həmin vaxt Bakı bolşevik-daşnak birləşmələrinin işğalı altında idi. Bu cür çətin durumda dadımıza qardaş Türkiyə çatdı. O zaman Osmanlı imperiyası bütün cəbhədə imperialist güclərlə baş-başa qalmasına baxmayaraq Nuru Paşanın komandanlığı ilə Azərbaycana yardıma 12 minlik ordu göndərdi. Beləliklə, həmin vaxt Qafqaz İslam Ordusunun başında Azərbaycana gələn Nuru Paşanın dəstəyi ilə Azərbaycan ordusunun formalaşdırılması üçün addımlar atıldı. 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə – əlahiddə Azərbaycan korpusu yaradıldı. Bununla da Azərbaycan Ordusunun yaradılması istiqamətində tarixi addım atıldı”.

Müsahibimiz bildirib ki, həmin vaxt Xalq Cümhuriyyəti hökuməti tərəfindən 25 min nəfərlik ordu yaratmaq vəzifəsi irəli sürülür: “1918-ci il avqustun 1-də isə Azərbaycanın Hərb Nazirliyi təsis olundu. Qərara əsasən ilk müdafiə naziri Xosrov bəy Sultanov təyin edildi. 1918-ci il dekabrın 25-də istedadlı general Səməd bəy Mehmandarov hərbi nazir, general-leytenant Əlağa Şıxlinski nazir müavini təyin olundu. Onu da qeyd edim ki, qısa müddətdə yaradılmasına baxmayaraq, Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas etdi. Bu hərbi birləşmələr Muğanda və Əsgəranda milli hökumətə qarşı baş vermiş qiyamları yatırmaqda yüksək cəsarət və igidlik göstərdi, Qazaxda Azərbaycan sərhədini pozmuş erməni nizami ordu hissələrini darmadağın etdi”.

Azərbaycanda ilk hərbi parad 1919-cu ildə keçirilib

E.Həsənlinin sözlərinə görə Azərbaycanda ilk hərbi parad 1919-cu ildə Bakıda indiki Muzey Mərkəzinin yerləşdiyi ərazidə keçirilib: “Lakin təəssüf ki, Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ilin aprelində süqut etdikdən sonra bolşevik hökuməti Milli Ordunu ləğv etdi. Onun rəhbərlərinin əksəriyyəti, o cümlədən 15 general Nargin adasında güllələndi”.

O da vurğulanıb ki, əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulmuş Azərbaycan Ordusunun ənənələri sonrakı dövrdə qorunub saxlanıldı və inkişaf etdirildi: “Bu, məhz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ciddi səyləri nəticəsində mümkün oldu. Heydər Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində aparılan işlər Azərbaycanda mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan verdi, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratdı. Ordu quruculuğu işinə böyük önəm verən Ulu öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanına əsasən, 26 İyun – Silahlı Qüvvələr Günü elan olundu”.

Müstəqil Azərbaycanda ordu quruculuğunun memarı

“Ümumiyyətlə müasir Azərbaycanda ordu quruculuğu Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu da səbəbsiz deyil. Kimsəyə sirr deyil ki, Heydər Əliyev hələ sovet Azərbaycanına rəhbərlik edərkən gələcək Azərbaycan ordusu üçün misilsiz tarixi addımlar atıb. Ümummili lider 1971-ci il iyunun 20-də Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbin yaradılmasına, həmçinin azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul edilməsinə də nail olmuşdu. Bu gün Cəmşid Naxçıvanski adına Hərbi Liseyin milli zabit kadrlarımızın yetişdirilməsində və o dövrdə ali hərbi məktəbləri bitirmiş şəxslərin Silahlı Qüvvələrin formalaşmasında müstəsna rolu vardır. Bu məktəblərdə yetişən Azərbaycan hərbçiləri Birinci Qarabağ müharibəsində, Aprel döyüşlərində, Vətən müharibəsində misilsiz igidliklər göstərdilər”, – deyə müsahibimiz əlavə edib.

Onun sözlərinə görə Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndən sonra da ordu quruculuğuna xüsusi diqqət göstərib: “1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyev silahlı dəstələri ləğv edərək nizami ordu quruculuğu prosesinə başladı. Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ordumuzda və xalqımızda qələbəyə qəti inam yarandı. Bir sözlə, müstəqil Azərbaycanda ordu quruculuğunun memarı məhz Heydər Əliyevdir”.

Ordu quruculuğu prosesi yeni mərhələyə qədəm qoydu

E.Həsənli deyib ki, Ulu öndərin layiqli davamşısı, Prezident İlham Əliyev ordu quruculuğu siyasətini də uğurla davam etdirdi: “Müstəqil Azərbaycanda ordu quruculuğu prosesi Prezident İlham Əliyevin hakimiyyəti dövründə tamamilə yeni mərhələyə qədəm qoydu. Ulu öndərin ordu quruculuğu siyasətini uğurla davam və inkişaf etdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı daim ön planda saxlanıldı. Dünyanın ən qabaqcıl ölkələrindən müasir silah-sursat, döyüş texnikası alınaraq Azərbaycan ordusunun istifadəsinə verildi. Hərbçilərin sosial problemləri həll edildi. Müasir hərbi kazarmalar tikildi. Eyni zamanda, qardaş Türkiyə ilə birlikdə hərbi təlimlər keçirildi. Məhz Prezident İlham Əliyevin bu diqqət və qayğısı sayəsində Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrildi”.

Səfərbərlik sisteminin müasirləşdirilməsinin ordu quruculuğunda rolu

E.Həsənli əlavə edib ki, eyni zamanda Müdafiə Sənayesi Nazirliyi yarandı: “Artıq Azərbaycanda hərbi sənaye kompleksi də yaradılıb. Ölkədə mindən çox hərbi təyinatlı məhsul istehsal edilir. Dünyanın aparıcı beynəlxalq sərgilərində Azərbaycanın hərbi məhsulları nümayiş olunur. 2012-ci il 13 fevral tarixli Sərəncamla Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradıldı. Bunun mühüm əhəmiyyəti vardı. Necə ki həyatımızın digər istiqamətində ASAN xidmətin çox böyük rolu var, eləcə də ordu quruculuğunda səfərbərlik sisteminin müasirləşməsi və təkmilləşməsi istiqamətində, çağırış sistemində şəffaflıq məsələləri Dövlət Xidmətinin təqdiredici fəaliyyətinin nəticəsidir”.

Prezident İlham Əliyevin rəhbərliyi ilə atılan addımlar Vətən müharibəsində öz bəhrəsini verdi

Vurğulanıb ki, ordu quruculuğu ilə bağlı yuxarıda sadalanan addımlar öz bəhrəsini 2020-ci ilin 44 günlük Vətən müharibəsində verdi: “Onu da deyim ki, Vətən müharibəsində ordunun uğurlarında iqtisadiyyatın, Azərbaycan dövlətinin apardığı uğurlu siyasətin mühüm rolu olduğu kimi, səfərbərlik işinin təşkilinin də rolu böyük oldu. Beləliklə, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycan Ordusunun Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı ilə qazandığı tarixi Qələbə təkcə Azərbaycan tarixində deyil, dünya hərb elminin tarixində də mühüm izlər qoydu. Azərbaycan Ordusu düşmənin təxribatlarının qarşısının alınması ilə bağlı Prezident, Müzəffər Ali Baş Komandanın əmri ilə genişmiqyaslı əks-hücum əməliyyatına – Vətən müharibəsinə başladı. Döyüşlərdə bir addım da geri çəkilməyən Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə vuraraq, 44 gün ərzində – noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 300-dək kəndi işğaldan azad etdi. Bu 21-ci əsrin ən böyük müharibəsi idi. Bu müharibədə Azərbaycan ordusunun göstərdiyi misilsiz qəhrəmanlıqlar dünya ölkələri tərəfindən öyrənilir. Uzun illər də öyrəniləcək. Çünki Azərbaycan ordusu dünya hərbi tarixinə öz adını yazdı”.

“26 iyun ümümxalq bayramıdır. Hərbçilərin yeganə peşə bayramıdır ki, bu günü bütün xalq bayram edir. Xalq ordumuzla qürur duyur. Ordumuz bizim qürur mənbəyimizdir. Silahlı Qüvvələrin hər bir mənsubu ilə Azərbaycan xalqı fəxr edir. Mən bu gözəl gün münasibətilə başda cənab Ali Baş Komandan İlham Əliyev olmaqla bütün xalqımızı, xüsusilə də şəhid ailələrini və qaziləri təbrik edirəm”, – deyə müsahibimiz sözünü yekunlaşdırıb.

Mission News Theme by Compete Themes.