Press "Enter" to skip to content

Xaçmazda “Albalı və gilas” festivalı

Festival maraqla qarşılanıb

Bayraqdar.info – Azərbaycanda ilk dəfə olaraq “Albalı və gilas” festivalı keçirilib. Festival Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi və Xaçmaz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Azərbaycan Giləmeyvə İstehsalçıları və İxracatçıları Assosiasiyası, “Azəri Home Chef” şirkəti ilə əməkdaşlıq çərçivəsində təşkil edilib.

Bu barədə bayraqdar.info-ya iyunun 25-də Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən məlumat verilib.

Bildirilib ki, Xaçmaz şəhərindəki “Zəfər” parkında keçirilən festivalda Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri, şimal rayonlarının icra hakimiyyətinin rəhbər şəxsləri, alimlər, fermerlər, aqrar sahədə fəaliyyət göstərən şirkətlərin əməkdaşları, eləcə də yerli və xarici qonaqlar iştirak edib: “Festivalın keçirilməsində məqsəd fermerlərin yetişdirdiyi albalı və gilas növlərini nümayiş etdirmək, fermer və sahibkarlar arasında işgüzar əlaqələri genişləndirməkdir”.

Məhsullara baxış
Məhsullara baxış

Festivalın açılış mərasimində çıxış edən Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev rayonda kənd təsərrüfatı sahəsinin inkişafı barədə tədbir iştirakçılarına məlumat verib: “Bildirilib ki, Xaçmazda 50 min hektar suvarılan sahə, 25 min hektara yaxın bağ sahələri mövcuddur. Ölkə rəhbərliyinin qeyri-neft sektorunun inkişafı istiqamətində gördüyü işlər, eyni zamanda kənd təsərrüftı sahəsinə diqqət və qayğısı nəticəsində rayonlarda bağçılıq ildən-ilə inkişaf edir”.

Məlumata əsasən E.Rzayev deyib ki, Xaçmaz rayonunda təkcə gilas bağlarının sahəsi 4 min hektardan çoxdur: “Son bir il ərzində gilas bağlarının sahəsi 1 min 200 hektar artıb. Bu da ölkəmizdə fermerlerə və sahibkarlara göstərilən diqqətin nəticəsidir. İntensiv bağlara görə fermerlərə subsidiyaların verilməsi təsərrüfatçıları yeni bağlar salmağa stimullaşdırır”.

Məlumatda deyilir ki, tədbirdə kənd təsərrfatı nazirinin müavini Sarvan Cəfərov da çıxış edib: Nazir müavini bildirib ki, son dövrlərdə ölkəmizdə müxtəlif meyvələrə həsr olunmuş festivalların keçirilməsi ənənə halını alıb.

Onun sözlərinə görə bu cür kütləvi tədbirlər kənd təsərrüfatı məhsullarına, xüsusilə də mövsümi meyvələrə marağı artırmaq baxımından əhəmiyyət daşıyır: “Albalı-Gilas festivalı da belə tədbirlərdən biridir. Hər il mövsüm zamanı albalı və gilas süfrəmizi bəzəyən meyvələrdən olub. Bu məhsullar təkcə qida baxımından deyil, həm də iqtisadi baxımdan populyar meyvələr sayılır. Ölkəmizdə hələ tarixən çoxlu sayda gilas və albalı bağları olub. Az qala hər kəsin həyətində bu meyvə ağaclarına rast gəlmək olar. Azərbaycan üçün ənənəvi bazarlarda bu məhsullara tələbat ildən-ilə artır. Bu səbəbdən ölkəmizdə son illər gilas bağlarının salınmasına üstünlük verilir”.

Qeyd edilib ki, Albalı-Gilas festivalının Xaçmaz rayonunda keçirilməsi təsadüfi deyil: “Ölkə üzrə gilas bağlarının 35 faizi, istehsal olunan gilasın isə 42 faizi Xaçmaz rayonunun payına düşür. Ötən il Xaçmaz rayonunun gilas bağlarında orta məhsuldarlıq respublika göstəricisindən 21 faiz çox, yəni 97 sentner təşkil edib. Xaçmaz rayonu meyvə bağları, xüsusilə də gilas üzrə ixtisaslaşmış rayonlardan biri sayılır. Azərbaycanda yetişdirilən albalı və gilasa xarici bazarlarda maraq böyükdür. Məhz bu səbəbdən Xaçmaz rayonunun iqtisadiyyatında meyvə ixracatı xüsusi yer tutur. Xaçmazlı fermerlərin yetişdirdiyi gilas və albalı məhsulları xarici bazarlara ixrac edilir və fermerlərimiz meyvə ixracından yaxşı gəlir əldə edirlər”.

Nazirlikdən o da bildirilib ki, məhsul istehsalının artması, fermerlərimizin hər il daha çox gəlir əldə etməsi dövlətin aqrar sahədə əsas hədəflərindəndir: “Bu səbəbdən müasir intensiv bağların salınması dövlət tərəfindən dəstəklənir, bu sahəyə subsidiyalar ayrılır. İntensiv gilas bağları salan fermerlərə, sahibkarlara ilk 4 il ərzində hər hektara görə 730 manat, sonrakı illərdə isə 250 manat subsidiya ödənilir. Eyni zamanda, bağlarda quraşdırılan müasir suvarma sistemlərinin dəyərinin 40 faizini dövlət ödəyir. Bu dəstək tədbirləri fermerləri müasir bağlar, o cümlədən gilas bağları salmağa həvəsləndirir. Nəticədə məhsul istehsalı artır, ixracat artır, gəlirlər çoxalır. Dövlət bu səbəbdən meyvə bağlarının salınmasına dəstək tədbirlərini gələcəkdə də davam etdirəcək”.

Tədbirdə çıxış edən Azərbaycan Giləmeyvə İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Nemət Seyfullayev assosiasiyasının fəaliyyəti barədə məlumat verib. O, assosiasiyada ölkə üzrə 300-dən çox üzvün birləşdiyini diqqətə çatdırıb: “Açılış mərasimindən sonra festivalın qonaqları kənd təsərrüfatı şirkətlərinin təqdimalarını izləyib, milli kulinariya nümunələri və xarici ölkələrin mətbəxləri ilə tanış olublar. Festivalda mədəni-etnoqrafik tədbirlər, ağır atletlərin çıxışı, müxtəlif əyləncəli yarışlar və müsabiqələr təşkil edilib. Festival zamanı mütəxəssislər tərəfindən kənd təsərrüfatı məhsul istehsalçılarına məsləhət xidməti də göstərilib”.

Mission News Theme by Compete Themes.