Son yeniləmə: 25 İyun 2022 12:46
Bayarqdar.info – Azərbaycanın Polşadakı səfirliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü qeyd edilib.
Bu barədə bayraqdar.info-ya səfrilikdən məlumat verilib.
Bildirilib ki, tədbir Varşavanın Yuzef Polinski parkında əslən azərbaycanlı olan Polşanın milli ordusunda və “Armija Krajowa”da Polşa uğrunda mübarizə aparmış Polkovnik Vəli bəy Yadigar və əslən polyak tatarı olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə Azərbaycan silahlı qüvvələrinin baş qərargah rəisi olmuş General Maçey Sulkeviçin xatirəsinə ucaldılmış abidənin önündə keçirilib.
Məlumatda deyilir ki, tədbirdə Varşavanın Cənubi-Praqa bölgəsinin burmistri (bölgə rəhbəri) Tomaş Kuxarski (Tomasz Kucharski), Polşa Xarici İşlər Nazirliyi, Baş Gərargahı, Varşava Universiteti, Polşa Tatarları Birliyi, Varşava Qettosu Muzeyinin nümayəndələri, türkoloq alimlər, Polşa ictimaiyyətinin ziyalıları, Polşada fəaliyyət göstərən Azərbaycan ziyalıları və səfirliyin əməkdaşları iştirak ediblər: “İlk olaraq həm Azərbaycan, həm də Polşa qəhrəmanları olan Polkovnik Vəli bəy Yadigar və General Maçey Sulkeviçin abidəsi önünə əklillər qoyulub. Daha sonra səfir Nərgiz Qurbanova çıxış edərək qonaqları və həmvətənlərimizi salamlayıb, silahlı qüvvələrin hər bir dövlət üçün olduğu kimi, Vətənimiz Azərbaycan üçün müstəqilliyin təminatçısı, ölkənin sərhədlərinin müdafiəçisi olduğunu bildirib”.
Qeyd edilib ki, səfir Azərbaycanda silahlı qüvvələrin yaranmasını şərtləndirən çətin tarixi şərait, onun formalaşmasında və inkişafında Azərbaycanın ümummilli lideri heydər Əliyevin əvəzsiz rolu, Heydər Əliyev dövlətçilik məktəbinin davamçısı olan Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin misilsiz səyləri ilə silahlı qüvvələrin möhkəmlənməsi, müasirləşməsi və dünyanın ən güclü ordularından birinə çevrilməsi barədə danışıb: “Səfir Azərbaycanın eyni zamanda özünü etibarlı beynəlxalq tərəfdaş kimi göstərərək NATO-nun Fərdi Tərəfdaşlıq Proqramı çərçivəsində ölkə hərbi sisteminin NATO standartlarına uyğunlaşdırılmasının həyata keçirildiyini, NATO çərçivəsində müvafiq təlimlərdə, o cümlədən sülhməramlı qüvvələrin tərkibində iştirak etdiyini bildirib. O, Azərbaycan hərbçilərinin dünyanın bir çox ölkəsində, o cümlədən Polşada uğurla təhsil alaraq peşəkar hərbçi olaraq yetişdiklərini vurğulayıb. 30 il müddətində Ermənistanın işğalı altında olan ərazilərimizin Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilərək ölkəmizin ərazi bütövlüyünün bərpa edildiyini fəxr hissi ilə qeyd edən səfir 44 günlük Vətən müharibəsində canlarından keçərək şanlı zəfər tarixi yazan Azərbaycan qəhrəmanları olan şəhid əsgərləri və zabitləri qürurla anıb”.
“N.Qurbanova tədbirin keçirildiyi V.Polinski parkında abidələri ucaldılmış, xatirələri həm Azərbaycan, həm də Polşa üçün əziz olan iki qəhrəman hərbçinin – əslən Polşa tatarlarından olan, Azərbaycanın müstəqilliyinin ilk və çətin illərində Azərbaycanı özünə Vətən seçmiş, Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda vuruşmuş və məhz Azərbaycan uğrunda mübarizəsinə görə Sovet ordusu tərəfindən qətlə yetirilmiş Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusunun Baş qərargah rəisi olmuş General M.Sulkeviçin və həm Azərbaycan, həm də Polşa ordu sıralarında hər iki ölkənin müstəqilliyi uğrunda mübarizə aparmış Polkovnik V.Yadigarın həyat və ölkələrimiz naminə şərəfli fəaliyyətlərindən danışıb, həm Azərbaycanın, həm də Polşanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şücaətlə vuruşmuş qəhrəmanların xatirəsinin hər birimiz üçün əziz olduğunu qeyd edib”, – deyə məlumatda daha sonra bildirilib.
Tədbirdə Varşavanın Cənubi Praqa bölgəsinin burmistri T.Kuxarski çıxış edərək Azərbaycan Ordusunun yaradılmasının 104-cü ildönümü münasibətilə Azərbaycan xalqına təbriklərini çatdırıb. O, abidələri önündə dayandığı, həm Azərbaycan, həm də Polşada böyük ehtiramla anılan iki qəhrəmanın şücaətinin həm indiki, həm də gələcək nəsillər üçün örnək olduğunu qeyd edib.
Sonra polşalı tanınmış rejissor Yeji Lubax çıxış edərək Azərbaycanda həm dövlət, həm də hərbi quruculuqda polyakların rolundan danışıb, Azərbaycandan olan vətənpərvərlərin də Polşa uğrunda vuruşduqlarını diqqətə çatdırıb.
Çıxışlardan sonra tədbir iştirakçıları Azərbaycanın milli mətbəxinin ləziz təamlarından dadıblar.