Son yeniləmə: 24 İyun 2022 10:46
Bayraqdar.info – Prezident İlham Əliyevin 21-22 iyunda qardaş Özbəkistana etdiyi səfər, onun orada ən yüksək hörmətlə qarşılanması, həm xalqın, həm də dövlətin diqqətini görməsi bizi ürəkdən sevindirdi. Sevindirməyə də bilməzdi. Çünki uzun illərdir bu münasibət üçün çalışırıq. Ki, iki qardaş ölkə və onların xalqları daha da yaxın olmalıdır.
Prezidentin səfər çərçivəsində sonuncu söhbəti isə bir ayrı məqam idi. Onun özbək sənətçilərlə azərbaycan dilində etdiyi səmimi söhbət, üstəlik də Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə tərcüməsiz danışmasını vurğulaması bizim də bu yöndə bəzi xatirələrimizi oyatdı…
İlham Əliyev özbək sənətçilərlə söhbətdə ciddi ismarıc verdi – VİDEO
1986-88-ci illərdə Sovet Ordusunun əsgəri kimi Almaniyada hərbi xidmətdə idim. Onda gecikməylə də olsa İttifaq respublikalarından milli qəzetlər gəlirdi. Azərbaycandan “Kommunist”, “Azərbaycan gəncləri”ni alırdıq. Başqa respublikalardan da qəzetlər gəlirdi. Çox az əsgər həmin qəzetlərə maraq göstərərdi. Ki, o maraq göstərən azlıq içində mən də vardım.
O dövrə qədər özbəklərlə heç bir təmasım olmamışdı. Kitablardan oxumuşduq, nəsə bilirdik. Amma birbaşa təmaslarımız yox idi. Əsgərlikdə isə ən yaxın dostum elə bir özbək balası – Qazaxıstanlı Otkirxan Kamalov idi.
Haşiyə: Bu yaxınlarda Otkirxanı axır ki, axtarıb tapdım. Biz 34 il sonra onunla telefonla danışdıq. Bu özbək balası Qazaxıstanın Çimkənt vilayətindən idi və indi də orda yaşayır. Əsgərlikdə sürücü idi, deyir elə əsgərlikdən dönəndən bu günə kimi KAMAZ sürürəm. Biz zəngləşəndə ilk sözü bu oldu ki, “sənin məni axtardığını evdən zəng edib dedilər. Yoldaydım, bir anda gözümdən yaş gəldi, ağladım”. Biz Otkirxanla xeyli söhbət etdik, keçmişi yada saldıq və mümkün olunca görüşmək qərarına da gəldik. Bu arada bizi əlaqələndirən Qazaxıstanlı yazar, dəyərli insan və Azərbaycan sevdalısı Nəsihə Gumarqızına xüsusi təşəkkürlər.
Əsgərlikdə olanda Azərbaycan qəzetləri ilə birlikdə Özbəkistan qəzetlərini də alırdım poçtdan. Pulsuz idi. Özbəkistan qəzetlərini almağım da o səbəbdən qaynaqlanırdı ki, oxuyanda onları da anlayırdım. Özü də çox rahat və bu da mənə əlavə zövq verirdi. Beləcə həm öz qəzetlərimizi, həm də özbək qəzetlərini ən çox oxuyan bir əsgər idim…
Sonra SSRİ dağıldı, müstəqil olduq. Ortalıq qarışdı, əlaqələr itdi. Amma özbək dilinə və onlara marağım əsla əksilmədi, əksinə, daha artdı.
…1999-cu ildə Kanadaya təhsil almağa getmişdim. Burada da Özbəkistandan bir müdavim vardı. Hüquqşünasdı. Omon Muxamedcanov. Elə ilk dostlaşdığım şəxs də o oldu. Bütün təhsil müddətimizdə onunla oturub-durduq, gəzintilərə çıxdıq, daim bir-birimizi arayıb-axtardıq.
Sonrakı illərdə Özbəkistana səfər edərkən ilk axtarıb tapdığım şəxs Omon oldu. Sağ olsun, ilk səfərimdə qardaşına aid villada qonaq etdi məni. Yaxşı bir süfrə açdı qardaşıyla birlikdə. Sonra da villanın açarlarını verib evi mənə əmanət etdi…
Yeni texnologiyaların inkişafı bizim ünsiyyət imkanlarımızı da artırdı sonrakı illərdə. Özbəklərlə yazdıqca bitməyəcək uzun-uzun xatirələrim var. Lakin bu yazıda toxunmaq istədiyim məsələ İ.Əliyevin tərcüməsiz anlama ilə bağlı dediklərinə uyğun təcrübəmi xatırlatmaqdır.
Hardasa 2003-cü ildə Özbəkistana bir həftəlik səfərim vardı. Beynəlxalq jurnalist qurumlarından birinin eksperti kimi araşdırma üçün getmişdim. Orada həbsdən çıxmış (bizim də yardımımızla) yaşlı bir jurnalist vardı. Ona maddi yardım təşkil etmişdim. Pul göndərilmişdi. Kanadadan mənə, məndən də Özbəkistana. Pulu çatdıran da mənə hesabat vermişdi. Lakin həm də özümün gedib adamı görməyim məsləhət olmuşdu.
…Jurnalisti görmək üçün Daşkənddən Səmərqəndə, oradan da Çarxın adlı bir qəsəbəyə taksi ilə getməli olduq. Gecənin qaranlığında bu yabançı qəsəbəyə çatdıq. Elektriklər kəsilmişdi. Göz-gözü görmürdü. Uzunçuluq etməyək, bir zülmlə bizə lazım olan adamı tapdıq…
Çiy kərpicdən tikilmiş kasıb bir evdə görüşdük. Qarşımıza pendir-çörək gətirdilər, yedik. Xeyli söhbət etdik. Adam Azərbaycan haqqında gözəl sözlər söylədi. Həm də şair olduğu üçün mənə bir şeirini də oxudu. Hardasa 10 bəndlik, heca vəznində, özbək dilində şeir idi. Həvəslə dinlədim. Oxuyub bitirincə sorüşdü ki, “tüşündüzmi”? “Tüşündüm” dedim…
Doğrudan da başa düşmüşdüm. Özü də 10 bəndlik bütöv bir şeiri tam olaraq. O boyda şeirdə cəmi 2 sözü başa düşə bilməmişdim. Yerdə qalanın hamısını tam olaraq anlamışdım. Tərcüməyə gərək olmadan…
Aradan keçən illərdə, indinin özündə də Özbəkistan və özbəklərlə ət və dırnaq qədər yaxınam. Onların sevincinə şərik olur, dərdlərini öz dərdim bilirəm. Bundan başqa hər gün, bəli, məhz hər gün özbək dilində nəsə oxuyur, dinləyir, bəzən də paylaşıram. Yəni bu qardaş ölkə ilə iç-içəyəm. Bütün bunları tərcüməsiz edirəm həm də…
İndi Prezident İ.Əliyevin bu qədər səmimi qarşılanması, öz sözüylə desək, Özbəkistanı yenidən kəşf etməsi şəxsən mənim üçün nə demək ola bilər? Əlbəttə ki, çox xoşbəxtəm. Özü də həddən artıq!
Özbəkistan Prezidentindən İlham Əliyevin səfərilə bağlı paylaşım – VİDEO
Özbəkistan olmadan biz türklərin birliyi olmaz! Özbəkistan olmadan biz Azərbaycanlılar tam ola bilmərik! Özbəkistan olmasa, bizim bir yanımız yarımçıq olacaq həmişə. Özbəklər bizim bir parçamız və biz də onların bir parçasıyıq. Tarixdə də belə olub, gələcəkdə də belə olacaq!
Belə bir durum varkən Prezident İ.Əliyevin bu anlamlı səfəri, səfərdə qardaş ölkə Prezidenti Ş.Mirziyoyevin və Özbəkistan xalqının ona yüksək səviyyədə diqqət göstərməsi bizi fövqəladə xoşbəxt etmişdir ki, bu yazıda da onu vurğulamaq istədik.
İlham Əliyevin Özbəkistan səfəri: Rəqiblərə və dünyaya ismarıc
Sözardı: İllər öncə bir həmkarımız sosial media paylaşımımın altında özbəklər haqqında aşağı-yuxarı, uyğunsuz ifadələr işlətmişdi. Onunla bağlı bir yazı yazıb adamı maarifləndirmişdim. Sosial mediada da özünü əngəlləmişdim. Sonra məndən bu əngəli qaldırmağımı istədi. Şərtim bu oldu ki, özbəklərdən üzr istəsin. İstədi və əngəli qaldırdım…
http://www.azerhasret.com/?p=784