Press "Enter" to skip to content

Ortaq türk dərslikləri rəsmən qəbul edildi

Elmi Şuradan görüntü

Bayraqdar.info – “Ortaq türk tarixi”, “Ortaq türk ədəbiyyatı” və “Türk dünyasının coğrafiyası” dərslikləri qəbul edilib.

Xəbəri iyunun 24-də Beynəlxalq Türk Akademiyası yayıb.

“Bu gün Beynəlxalq Türk Akademiyası Elmi Şurasının Nur-Sultanda keçirilən növbəti 5-ci iclasında “Ortaq türk tarixi”, “Ortaq türk ədəbiyyatı”“Türk dünyasının coğrafiyası” dərsliklərinin mətni və proqramı üzv ölkələrin nazirləri və təşkilatın rəhbərliyi tərəfindən təsdiq olunub və müvafiq protokol imzalanıb”, – deyə xəbərdə bildirilir.

Daha sonra qeyd edilir ki, “dərsliklər türk dövlətləri başçılarının zirvə görüşlərində qəbul edilən qərarlara uyğun olaraq BTA tərəfindən hazırlanıb”.

“2021-ci ildə Elmi Şuranın İstanbulda keçirilən 4-cü iclasında ortaq dərsliklərlə bağlı komissiyanın yaradılmasına qərar verilib və Türkiyə tərəfinin təşəbbüsü ilə 2022-ci il 16-18 may tarixlərində dərslik mətnlərinin təsdiqi məqsədilə ekspertlər toplantısı keçirilib. Bu iclasda ekspertlər hər üç dərsliyin mətnini razılaşdırıb.” Xəbərdə belə deyilir.

Ardınca da məlumat verilir ki, “Ortaq türk tarixi” dərsliyi 7 bölmədən ibarətdir və XV əsrə qədər türk xalqlarının tarixini özündə əks etdirir.

“Türk dünyası coğrafiyası” dərsliyinin məzmunu bütövlükdə türk dünyasının coğrafi mənzərəsinin, türklərin coğrafi anlayış və ideyalarının öyrənilməsinə yönəlib.

“Ortaq türk ədəbiyyatı” dərsliyi isə şagirdlərdə ortaq düşüncə və mədəni dəyərlər haqqında təsəvvür yaratmaq məqsədi daşıyır.

“V Elmi Şurada qəbul edilmiş yekun protokola uyğun olaraq, tərəflər dərsliklərin proqram və mətnlərini təsdiqləyir, onların öz ölkələrinin orta təhsil müəssisələrində tədrisini təmin edir və dərsliklərin təbliği məqsədilə müxtəlif tədbirlər təşkil etməyi üzərlərinə götürürlər.

“Tarixi tədbirdə BTA-nın prezidenti Darxan Kıdırali, Azərbaycanın təhsil naziri Emin Əmrullayev, Qazaxıstanın təhsil naziri Asxat Aymaqambetov, elm və ali təhsil naziri Sayasat Nurbek, Qırğızıstanın təhsil və elm naziri Almazbek Beyşenaliyev, Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının üzvü İkram Adırbekov, o cümlədən Azərbaycan, Qırğızıstan və Özbəkistanın Qazaxıstandakı səfirləri, Türkiyə və Macarıstan səfirliyinin nümayəndələri iştirak edib. Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev tədbirə onlayn qatılıb”, – deyə xəbərdə qeyd edilir.

Mission News Theme by Compete Themes.