Son yeniləmə: 24 İyun 2022 14:44
Orxan Məmmədov: E-KOB evi platformasının xidmətləri non-stop-shop rejimdə təmin olunacaq ki, bu da xidmətləri KOB-lar üçün daha əlçatan edəcəkdir
Bayraqdar.info – KOB-ların maliyyə resurslarına çıxışını genişləndirəcək KOB İnkişaf Fondunun yaradılması prosesi davam edir. Klasterləşmə modelinin tətbiqi üçün normativ-hüquqi baza tamamlanmaq üzrədir. E-KOB evi platformasının yaradılması üzərində iş aparılır.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) bayraqdar.info-ya iyunun 24-də verilən məlumata görə bunu qurumun İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.
Məlumata əsasən O.Məmmədov Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) təşkilatçılığı ilə keçirilmiş
“Dəyişən dünyada şaxələndirilmiş və innovativ iqtisadiyyatın dəstəklənməsində QDTİB-in rolu” mövzusunda biznes forumda çıxış edib.
Çıxşda qeyd olunub ki, biznesin innovativ şaxələndirilməsi adekvat səviyyədə maliyyələşdirmə tələb edir: “Davamlı maliyyə resurslarının təmin edilməsi üçün gələcəkdə alternativ maliyyə mənbələri mühüm əhəmiyyət kəsb edəcək. Hazırda yaradılmaqda olan KOB İnkişaf Fondunun əsas özəlliyi onun qrantlar və texniki yardımlar təklif etmək imkanı ilə bağlıdır”.
O.Məmmədov bildirib ki, dövlət-özəl sektor tərəfdaşlığı və klasterləşmə milli iqtisadiyyatın şaxələndirilməsi və özəl sektorun proseslərə cəlb edilməsi baxımından əlverişli modellərdir: “Vergi Məcəlləsində KOB klaster şirkətləri və KOB klasterin iştirakçıları üçün bir sıra vergi güzəştləri nəzərdə tutulub. KOB klasterlərin formalaşması daha intensiv və dayanıqlı iqtisadi inkişafı, məşğulluq imkanlarının əhəmiyyətli dərəcədə genişlənməsini stimullaşdıracaq. Bu biznes modellər işğaldan azad edilmiş Qarabağın bərpası və ölkənin iqtisadi dəyər zəncirinə yenidən inteqrasiyası prosesində də tətbiq oluna bilər”.
O da vurğulanıb ki, KOB-ların rəqəmsallaşdırılması və onların yaşıl iqtisadiyyatda rolunun artırılması da iqtisadi diversifikasiya və innovasiyaların əldə edilməsi üçün əsas elementlərdəndir: “Hazırda yaradılmaqda olan e-KOB evi platformasının xidmətləri non-stop-shop rejimdə təmin olunacaq ki, bu da xidmətləri KOB-lar üçün daha əlçatan edəcəkdir”.