Son yeniləmə: 24 İyun 2022 17:12
Bayraqdar.info – Təsviri sənət istiqaməti üzrə xüsusi qabiliyyət imtahanları iyunun 17-dən etibarən keçirilir.
Bu barədə bayraqdar.info-ya Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.
Bildirilib ki, artıq 3 ildir bu istiqamət üzrə imtahanlar həm ənənəvi, həm də onlayn formada təşkil olunur: “Təsviri sənət istiqaməti üzrə xüsusi qabiliyyət imtahanları iyulun 30-dək davam edəcək. İmtahan nəticələri 3 gün ərzində elan olunur və DİM-in saytına – hər bir imtahan iştirakçısının özünə aid səhifəsinə yerləşdirilir”.
Qeyd edilib ki, iki fəndən imtahanı olan, qabiliyyət imtahanı komissiyaları (QİK) üzrə qeydiyyatdan keçən abituriyentlərə hər imtahan fənni üçün ayrıca buraxılış vərəqələri verilir: “İki fənn üzrə imtahanı olan komissiyalar aşağıdakılardır: Rəngkarlıq, Qrafika, Dekorativ tətbiqi sənət, Heykəltaraşlıq və Təsviri sənət. Bir neçə QİK üzrə qeydiyyatdan keçən abituriyentlərin eyni məzmunlu imtahanlarda təkrar iştirakının qarşısını almaq məqsədilə aşağıdakı fənlər üzrə bir komissiyadan alınan məqbul qiymətin digər komissiyaların da eyni fənninə şamil edilməsi nəzərdə tutulur”.
Məlumata əsasən bakalavriat səviyyəsinə qəbul üzrə 10, 11, 12-ci komissiyalar üzrə rəsm fənni imtahanının məzmunu eyni olduğu üçün abituriyentin rəsm fənni üzrə bu üç komissiyanın hər hansı birindən aldığı müsbət qiymət digər iki komissiyanın bu fənn üzrə imtahanlarına şamil edilir: “14 və 15-ci komissiyalar üzrə rəsm fənni imtahanının məzmunu eyni olduğuna görə abituriyentin bir komissiyadan aldığı müsbət qiymət digər komissiyaya şamil edilir. 14 və 15-ci komissiyalar üzrə abituriyentin rəsm fənnindən aldığı 6 bal və daha yuxarı qiymət 13-cü komissiyaya şamil edilir. 10 və 11-ci komissiyalar üzrə rəngkarlıq imtahanının məzmunu eyni olduğuna görə abituriyentin bir komissiyadan aldığı müsbət qiymət digər komissiyaya şamil edilir. 10 və 11-ci komissiyalar üzrə abituriyentin rəngkarlıq fənnindən aldığı müsbət qiymət 15-ci komissiyaya şamil edilir. 67-ci komissiya üzrə abituriyentin rəsm fənnindən aldığı 6 bal və daha yuxarı qiymət 70-ci komissiyaya şamil edilir”.
Qeyd olunub ki, orta ixtisas təhsili müəssisələrinə qəbul üzrə 210-cu komissiyadan məqbul qiymət alan abituriyentin imtahan nəticəsi 211-ci komissiyaya şamil olunur: “1601-ci komissiyanın rəsm fənnindən alınan müsbət qiymət 1602-ci komissiyanın rəsm fənninə şamil edilir. Qeyd edək ki, qiymətlərin şamil edilməsi abituriyentlərin müvafiq komissiyalar üzrə qeydiyyatdan keçdiyi halda mümkündür. Şamil olunan qiymətlərin geriyə qüvvəsi yoxdur. Yəni bir fənn üzrə alınan məqbul qiymət daha sonrakı keçirilməyən imtahanlara şamil oluna bilər. Orta ixtisas təhsili müəssisələrinin təsviri sənət istiqaməti üzrə imtahanların iyunun 30-dan etibarən başlanması nəzərdə tutulur”.