Press "Enter" to skip to content

“Azərsu”dan operativ addım

Sudaşıyan nəqliyyat vasitələri səfərbər olunub

Son yeniləmə: 24 İyun 2022 15:10

Bayraqdar.info – Son günlər müşahidə olunan intensiv yağıntılar və sel suları Goranboy və Naftalan şəhərlərini, həmçinin Goranboy rayonunun bəzi kəndlərini içməli su ilə təmin edən Ballıqaya su mənbəyinə ciddi ziyan vurub.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən bayraqdar.info-ya verilən məlumata görə, sel nəticəsində Qaraçay çayından gələn ağac qırıntıları, daş və lil sutəmizləyici qurğunun infiltrasiya sahəsini bərk kütlə ilə doldurub və qurğuda emal prosesi tam dayanıb: “Nəticədə Goranboy, Naftalan və Xocalı sukanal sahələrinin bu mənbədən qidalanan yaşayış məntəqələrinə suyun verilməsi dayandırılıb. Eyni zamanda sel suları Ağcakənd qəsəbəsini içməli su ilə təmin edən magistral su kəmərinin bir hissəsini yararsız vəziyyətə salıb”.

Qeyd edilib ki, “Azərsu” ASC sədrinin birinci müavini Teyyub Cabbarov, “Sutikinti” Müəssisəsinin, 7 nömrəli Regional Sukanal İdarəsinin nümayəndələri su mənbəyinə baxış keçiriblər: “Sel nəticəsində hidrotexniki qurğulara dəymiş ziyanın müəyyənləşdirilməsi və aradan qaldırılması ilə bağlı işçi qrupu yaradılıb. Artıq əraziyə xüsusi texnika və maşınlar (3 ədəd ekskavator, 3 ədəd özüboşaldan yük maşını) cəlb olunub, təmizləyici qurğuda təmir-bərpa işlərinə başlanılıb”.

Vurğulanlb ki, Ballıqaya su mənbəyindən qidalanan yaşayış məntəqlərinin içməli suya olan tələbatını ödəmək üçün anbar ehtiyatlatından istifadə edilir: “Eyni zamanda 5 ədəd sudaşıyan nəqliyyat vasitəsi səfərbər olunub. Mənbədə emal prosesi bərpa olunana qədər sakinlər maşınlarla daşınan su ilə təmin olunacaqlar”.

Mission News Theme by Compete Themes.