Press "Enter" to skip to content

Türk dünyasının maraqlarına xidmət edən tarixi səfər

Hulusi Kılıç

Son yeniləmə: 23 İyun 2022 15:30

Huluci Kılıç: Özbəkistan-Azərbaycan əlaqələrinin möhkəmləndirilməsi türk dünyasının inteqrasiyasının daha da dərinləşməsinə təkan verəcək

Bayraqdar.info – “Cənab Prezident İlham Əliyev 21-22 iyun tarixlərində qardaş Özbəkistana tarixi səfər etdi. Bunun tarixi səfər olduğu həm Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, həm də cənab Prezident İlham Əliyev tərəfindən bəyan edildi”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana səfərini bayraqdar.info üçün dəyərləndirən Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıç söyləyib.

Səfər dünyanın diqqət mərkəzində idi

Onun sözlərinə görə, bu səfər bir çox baxımdan dünyanın diqqət mərkəzində idi: “Əvvəla, Azərbaycan Qafqaz regionunun lider ölkəsidir. Özbəkistan isə Orta Asiyanın parlayan, inkişaf edən, keçən hər gün daha da güclənən ölkəsidir. İkinci bir tərəfdən Özbəkistan-Azərbaycan əlaqələrinin möhkəmləndirilməsi türk dünyasının inteqrasiyasının daha da dərinləşməsinə təkan verəcək. Özbəkistan 35 milyon əhalisi ilə Türkiyədən sonra ən çox əhalisi olan türk dövlətidir. Azərbaycan isə türk dünyasının daha da güclənməsi üçün daim səy göstərən, əvvəl Türk Keneşinin, sonra isə onun bazasında Türk Dövlətləri Təşkilatının yaranmasında aparıcı rola malik ölkələrdən biridir. Onu da qeyd etməliyik ki, Özbəkistan hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və bu mövqeyini 2020-ci ilin 44 günlük Vətən müharibəsi zamanı da açıq şəkildə sərgiləyib”.

Türk dünyasının gələcəyi üçün atılan addımlar

Müsahibimiz xatırladıb ki, 2022-ci il 28-29 mart tarixində Türkiyə Cümhurbaşqanı sayın Recep Tayyip Erdoğan da Özbəkistana səfər etmişdi: “Hər iki səfər türk dünyasının daha da dirçəlməsinə, inteqrasiyanın dərinləşməsinə, o cümlədən qardaşlar arasında münasibətlərin daha da inkişaf etməsinə xidmət edir. Beləliklə, cənab İlham Əliyev Özbəkistanda xüsusi diqqət və sevgi ilə qarşılandı. Xivə və Ürgənc səfərlərində Azərbaycan Prezidentini şəxsən Özbəkistan dövlət başcısı müşayət etdi. Bu şəhərlərdə mədəniyyət xadimləri ilə görüşdə iki dövlət başçısının doğma dildə danışması və cənab İlham Əliyevin “Qardaşım Şavkat Miromonoviçin bütün dediklərini mən anladım, tərcüməçiyə ehtiyac qalmadı. Mənim dövlət səfərim bu gün başa çatır. Dünən Daşkənddə, bu gün Xivədə, Ürgəncdə, Xarəzm vilayətində olmağımdan çox məmnunam. Dünən və bu gün bir daha gördüm ki, xalqlarımız bir-birinə nə qədər yaxındır. Mədəniyyətimiz, incəsənətimiz, ümumiyyətlə, xalqlarımızın kökləri birdir. Bu gün Azərbaycan dilində oxunan mahnılar, nəğmələr sanki Azərbaycan müğənniləri tərəfindən ifa olundu. Heç bir ləhcə, şivə yoxdur. Bu, nəyi göstərir? Xalqlarımızın birliyini. Siz, Türk mədəniyyətimizi tərənnüm edən ifaçılar, sənətkarlar və mədəniyyət ustadları, bizim fəxrimizsiniz” sözləri bu səfərin həm də türk dünyasının gələcəyinə xidmət etdiyini bir daha təsdiqləyir”.

İlham Əliyev özbək sənətçilərlə söhbətdə ciddi ismarıc verdi – VİDEO

H.Kılıç qeyd edib ki, səfər zamanı Daşkəndin mərkəzində Heydər Əliyev Meydanının açılışı oldu: “Meydanın mərkəzi hissəsində Ulu öndər Heydər Əliyevin böyük memorial kompleksi ucaldılıb. Bu çox önəmlidir. Çünki meydanin açılması, orada abidənin ucaldılması, həmçinin Şavkat Mirziyoyevin açılış mərasimində Ulu öndər Heydər Əliyev barədə fikirləri həqiqətən də qardaş ölkədə Azərbaycan xalqının ümummilli liderinə dərin rəğbət və böyük hörmətin olduğunu nümayiş etdirir. Bütün bunlar, o cümlədən Prezident İlham Əliyevin Özbəkistana dövlət səfərinin ümummilli lider Heydər Əliyevin Özbəkistana səfərinin 25 illiyinə təsadüf etməsi səfərin tarixi önəmindən xəbər verir”.

Özbəkistan-Azərbaycan əlaqələrində yeni mərhələ

Səfir bildirib ki, səfəri əhəmiyyətli edən digər bir məqam isə imzalanan sənədlərlə bağlıdır: “Səfər çərçivəsində başda hərbi və hərbi-texniki sahədə əməkdaşlıq olmaqla iki ölkə arasında müxtəlif sahələri əhatən edən 20-dək sənəd imzalanıb. Həm bu sənədlər, həm də iki qardaş ölkə rəhbərlərinin imzaladığı “Strateji tərəfdaşlığın dərinləşdirilməsi və qarşılıqlı fəaliyyətin genişləndirilməsi haqqında siyasi Bəyannamə” əməkdaşlıqda yeni mərhələnin başlanması kimi qəbul edilə bilər. Elə prezidentlər də öz bəyanatlarında bunu xüsusu olaraq vurğuladılar. Məsələn, Ş.Mirziyoyev dedi ki, Bəyannamə ikitərəfli münasibətlərdə yeni mərhələ açır. İ.Əliyev isə bəyan etdi ki, Siyasi Bəyannamə mahiyyət etibarilə bizim münasibətlərimizi keyfiyyətcə yeni səviyyəyə çatdırır”.

“Ümumiləşdirsək onu deyə bilərik ki, bu, iki ölkənin və türk dünyasının maraqlarına xidmət edən tarixi səfər oldu. Əminliklə söyləyə bilərəm ki, iki qardaş ölkə arasında imzalanan və demək olar ki, bütün strateji sahələri əhatə edən sənədlərin tez bir zamanda icrası həm Özbəkistan və Azərbaycanın, həm də türk dünyasının gələcək inkişafında öz rolunu oynayacaq, öz sözünü deyəcək”, – deyə H.Kılıç sonda qeyd edib.

Mission News Theme by Compete Themes.