Son yeniləmə: 23 İyun 2022 16:33
Bayraqdar.info – Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyinin (MİTD İB) təşkilatçılığı ilə Ermənistanla sərhəd bölgələrdə fəaliyyət göstərən jurnalistlər üçün seminar keçirilib.
Xəbəri bayraqdar.info-ya iyunun 23-də MİTD İB Mətbuat xidmətindən veriblər.
“Tərtər Regional Peşə və Təlim Mərkəzində keçirilən seminar MİTD İB tərəfindən icra olunan “Ermənistanın təcavüzkar siyasətindən zərər çəkmiş Azərbaycan jurnalistləri mediada” adlı layihə çərçivəsində təşkil edilib. Layihənin maliyyə dəstəkçisi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir”, – deyə xəbərdə bildirilir.
Daha sonra qeyd edilir ki, “layihənin koordinatoru Müşfiq Ələsgərli seminar zamanı sərhəd bölgəsində fəaliyyət göstərən media işçilərinə insidentlərlə qarşılaşdıqları zaman onları aktlaşdıraraq həm yerli, həm də beynəlxlq jurnalist təşkilatlarına göndərmək qaydaları barədə məlumat verilib”.
“İnsidentlərin aktlaşdırılması prosesi haqqında beynəlxalq standartlar barədə təcrübəni bölüşmək üçün bir sıra ölkələrin jurnalist ittifaqları təmsilçilərinin çıxışları da dinlənilib. Almaniya Jurnalistlər Birliyindən (Deutscher Journalisten-Verband) Andrea Roth, Türkiyə Türkiye Gazeteciler Sendikasından (TGS) Mustafa Kuleli videobağlantı formatında seminara qatılaraq mövzu üzrə fikirlərini bölüşüblər.” Xəbərdə belə deyilir.
M.Ələsgərli deyib ki, “sərhəd bölgələrində fəaliyyət göstərən jurnalistlər üçün insidentlərlə rastlaşmaq riskləri üstündür. Tədbirə qatılmış jurnalistlərə insidentlərlə rastlaşdıqları zaman hadisələri aktlaşdırmaq, hansı ünvanlara göndərmək lazım olduğu, həmçinin, hansı mexanizmlərlə göndərmək üsulları barədə məlumat verdik”.
Seminarda iştirak edən jurnalistlərdən Şöhrət Eyvazov və Şamxal Adıgözəlova Beynəlxalq Jurnalistlər Federasiyasının (BJF) təsis etdiyi “Beynəlxalq media vəsiqəsi” (International Press Card) təqdim edilib. Təqdimat BJF-nin Azərbaycan üzrə yerli üzv təşkilatı olan Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) tərəfindən təşkil edilib.
Məlumat: “Beynəlxalq media vəsiqəsi” jurnalistlər üçün dünyanın bütün ölkələrində qəbul edilən tanıtım nişanıdır. Vəsiqəni əldə etmiş jurnalist onu təqdim etməklə istənilən ölkədə informasiya toplamaq hüququ əldə edir. Vəsiqənin mühüm statuslarından biri də odur ki, onun sahibi olan jurnalist riskli bölgələrə səfər edərkən, öncədən məlumat vermək şərtilə, BJF və onun yerli üzv təşkilatı tərəfindən diqqətdə saxlanılır. Bu halda təhlükə ilə üzləşən – təqib edilən, əsir-girov götürülən, xəsarət alan, informasiya əldə etmək hüququ pozulan vəsiqə sahibinin vəziyyətdən çıxması üçün BJF lazımi dəstək göstərir, bu yöndə beynəlxalq kampaniyalar təşkil edir. BJF-nin riskli durumlarla üzləşən vəsiqə sahiblərinə göstərdiyi yardıma risk yaradan qruplarla danışıqlar aparmaq, hüquqa söykənən təsir mexanizmlərindən istifadə etmək, maddi və mənəvi dəstək vermək kimi müxtəlif addımlar daxildir. Eyni zamanda, BJF vəsiqə sahiblərini texnoloji inkişafa uyğun olaraq daim yenilənən təhlükəsizlik qaydaları ilə tanış və təmin edir ki, bu da jurnalistlərə risklərdən yayınmaq üçün istiqamət verir.