Press "Enter" to skip to content

QHT Agentliyindən özünütənqid ruhunda möhtəşəm tədbir

Vüsal Quliyev çıxış edərkən

Son yeniləmə: 23 İyun 2022 16:03

Bayraqdar.info – İyunun 23-də Bakı Gənclər Mərkəzində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ictimaiyyət nümayəndələri və dövlət qurumları təmsilçilərinin də iştirakıyla geniş konfrans keçirib.

Konfransı müşahidə edən bayraqdar.info əməkdaşının verdiyi xəbərə görə, tədbir daha çox açıq tribuna xarakterli olub və özünütənqid ruhunda keçib.

“QHT-dövlət əməkdaşlığında yeni çağırışlar: İctimai nəzarət mexanizmlərinin gücləndirilməsi” adı altında keçirilən Respublika zona konfransında əvvəlcə Agentliyin icraçı direktoru Aygün Əliyevanın hesabat xarakterli çıxışı dinlənilib. O, qeyd edib ki, Bakıdakı sonuncu konfransa qədər qurum bölgələrdə bənzər tədbirlər keçirib, ictimai sektorla bağlı müzakirələr təşkil edib.

Dövlət rəsmisi özünütənqid ruhunda çıxış etdi

Daha sonra Agentliyin Müşahidə Şurasının sədr müavini, Prezident Administrasiyasının rəsmisi Vüsal Quliyev çıxış edib. Onun çıxışı daha çox özünütənqid ruhu ilə diqqət çəkib. O, çıxışında sektorda olan çatışmazlıqlar, onların həlli üçün dövlətin atdığı addımlar, bəzən belə addımların qarşısını alan amillər haqqında fikirlərini paylaşıb. Bundan əlavə V.Quliyev dövlət qurumları yanında təşkil edilmiş ictimai şuraların fəaliyyətinə toxunub, onların işinin cəmiyyəti də, dövləti də tam qane etmədiyini deyib.

Bir sıra QHT təmsilçiləri, o cümlədən Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Rəhimoğlu və başqaları çıxış edərək sektorla bağlı təkliflərini dilə gətiriblər. Eyni zamanda Bakı rayonları icra hakimiyyəti təmsilçiləri də çıxış edib, vacib məqamları aydınlaşdırıblar.

QHT evi ideyası yenidən diqqətə çatdırıldı

Tədbirdə iştirak edən bayraqdar.info-nun baş redaktoru Azər Həsrət də çıxış edərək QHT evi ideyasını yenidən diqqətə çatdırıb. O, bildirib ki, ictimai fəaliyyətin daha yaxşı təşkil edilməsi üçün dövlətin QHT evi tikməsi, bu qurumlara şərait yaratması işin xeyrinə olardı. O, daha sonra qeyd edib ki, hazırda ölkədə din adı altında ortalığı qarışdırmaq istəyənlərə məhz bu istiqamətdə fəaliyyət göstərən QHT-lərin cavab verməsinə zərurət var.

A.Həsrət dövlət qurumlarında hələ də QHT-lərə ögey münasibətə toxunaraq bir daha təklif edib ki, nazirlər də daxil olmaqla ölkədə vəzifə tutan şəxslərə QHT-lərlə bağlı seminarlar keçmək lazımdır. O, eyni zamanda əlavə edib ki, öz ərazisində baş verənlərdən xəbərdar olmayan, sosial medianı gərəkli şəkildə izləməyən məsul vəzifə sahiblərini dövlət cəzalandırmalıdır.

Konfrans qeyri-rəsmi hissədə fikir mübadiləsi ilə başa çatıb.

Mission News Theme by Compete Themes.