Son yeniləmə: 23 İyun 2022 15:40
Bayraqdar.info – Neftçala şəhərində yeni içməli su şəbəkəsi yaradılır. Bu istiqamətdə işlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiqlədiyi regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində həyata keçirilir.
Bu barədə bayraqdar.info-ya iyunun 23-də “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, Neftçala şəhərində indiyədək mövcud olmuş şəbəkə ötən əsrin 70-ci illərində yaradımış və uzun illər istismar olunduğundan tələbatı ödəmirdi: “Şəhərə içməli su Kür çayından götürülüb qismən təmizlənərək verilirdi. 2020-ci ilin yay aylarında Kür çayında su səviyyəsinin kəskin azalması çay suyunu içməyə yararsız hala salmış, nəticədə Neftçala şəhərinin və rayonun kəndlərinin içməli su təchizatında ciddi çətinliklər yaranmışdı. Prezident İlham Əliyevin təsdiqlədiyi “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı”nda Neftçala şəhərinin içməli su ilə təmin olunması ciddi tapşırıq kimi qoyulmuşdu. Tədbirlər Planına uyğun olaraq qısa müddətdə Şirvan-Muğan qrup su kəmərindən Neftçala şəhərinə 40 km magistral kəməri çəkildi və Salyan şəhərinin yaxınlığında həcmi 7500 kubmetr olan su anbarı inşa edildi”.
Məlumata əsasən, 2020-ci ilin noyabrında Neftçala şəhərinə suyun verilməsi təmin olundu. Bununla paralel olaraq Neftçala şəhərində içməli su şəbəkəsinin yenidən qurulmasına başlanıldı və hazırda mərhələlərlə davam etdirilir: “Cari ildə Neftçala şəhərində ümumi uzunluğu 90 km olan müxtəlif diametrli su xətlərinin, 21 km kanalizasiya xətlərinin və 1 ədəd kanalizasiya nasos stansiyasının tikintisi, həmçinin 3000 fərdi yaşayış evinə fasiləsiz və dayanıqlı içməli suyun verilməsi nəzərdə tutulub. İndiyədək 22 km içməli su xətlərinin tikintisi, eləcə də 320 ev bağlantılarının verilməsi başa çatdırılıb. Ümumilikdə, işlərin ilin sonuna qədər yekunlaşdırılması planlaşdırılır”.
O da qeyd edilib ki, gələcəkdə Neftçala şəhərinin tullantı su şəbəkəsi də yenidən qurulacaq: “Layihəyə əsasən, Neftçala şəhərində 116 km kanalizasiya şəbəkəsinin, 8,6 km kanalizasiya kollektorunun və məhsuldarlığı sutkada 4000 kubmetr olan tullantı sutəmizləyici qurğunun inşası planlaşdırılır. Yeni yaradılacaq infrastruktur hesabına gələcəkdə magistral kəmərin marşrutu boyu su veriləcək kəndlər də daxil olmaqla 80 mindən şox sakinin içməli su təminatı yaxşılaşacaq. Qeyd edək ki, ötən müddətdə Neftçala şəhəri ilə yanaşı, rayonun içməli sudan əziyyət çəkən 14 yaşayış məntəqəsinin içməli su problemi də həll edilib. Digər yaşayış məntəqələrinin içməli su ilə təmin olunması istiqamətində tender prosedurları davam etdirilir”.