Press "Enter" to skip to content

İlham Əliyevin Özbəkistan səfəri: Rəqiblərə və dünyaya ismarıc

Farhod Tolipov

Son yeniləmə: 23 İyun 2022 09:29

Bayraqdar.info – Azərbaycan Prezidentinin qardaş Özbəkistana 21-22 iyun tarixli uğurlu və yaddaqalan səfəri əlavə siyasi müzakirələrə, gələcəyə yönəlik proqnozlara və təhlillərə səbəb olmağa davam edir. Bu baxımdan bayraqdar.info Özbəkistanlı siyasi təhlilçi Farhod Tolipovun fikirlərini öyrənib.

Həmsöhbətimiz Prezident İlham Əliyevin səfərini dəyərləndirməyə keçməzdən öncə ümumilikdə iki ölkə və iki bölgə ilə bağlı fikirlərini diqqətə çatdırıb.

“Müstəqillik əldə etdikdən sonra Azərbaycanla Özbəkistan arasındakı münasibətlər davamlı şəkildə möhkəmlənib. 1990-cı illərdən başlayaraq iki ölkə rəhbəri mütəmadi olaraq bir-biri ilə görüşür” deyən F.Tolipov bunun faydalı yönlərinin üzərində xüsusi olaraq dayanıb.

Azərbaycanla Özbəkistanın iş birliyi geopolitik əhəmiyyət kəsb edir

“Ənənəvi ticarət və iqtisadi iş birliyi məsələlərindən əlavə iki dövlətin iş birliyi geopolitik əhəmiyyət də kəsb edir. Bir vaxtlar onların ikisi də Avropanın TRACEKA adlı megalayihəsinin bir hissəsi idi. Həm də GUÖAM-ın üzvü idilər. Hazırda isə onlar “yeni” bir qurumun – Türk Dövlətləri Təşkilatının fəal üzvləridirlər. Bu qurumsa günümüzdə beynəlxalq siyasətin görkəmli və əhəmiyyətli aktoruna çevrilməkdədir”, – deyə siyasi təhlilçi qeyd edir.

F.Tolipov daha sonra qeyd edir ki, “keçmiş Sovet məkanındakı hazırkı qarmaqarışıqlıq və Ukraynadakı müharibə kontekstində daha bir problem aktuallıq kəsb edir. Həmin problem müstəqilliyin ilk illərindən yalnız Azərbaycanla Özbəkistanın deyil, Orta Asiya və Güney Qafqazın bütün ölkələrinin gündəliyində olub. Bu, Rusiyadan yan keçməklə nəqliyyat yollarının şaxələndirilməsidir. Əlavə olaraq ekspertlər iki ölkə arasındakı iş birliyi münasibətlərinə strateji xarakter verilməsinə də işarə edirlər. Əsasən də hərbi, hərbi-siyasi və hərbi-texniki sahələrdə iş birliyinin genişləndirilməsi müzakirə edilir. Örnək üçün, birgə hərbi təlimlərin keçirilməsi kimi”.

“Günümüzdə Güney Qafqaz bölgəsi qitələrarası daşımalar və dövlətlərarası kommunikasiyalar sistemində tranzit qovşağı kimi yeni geopolitik status qazanmaqdadır. Örnək üçün, Rusiyaya tətbiq edilən sanksiyalara görə, öncə bu ölkədən keçməklə Avropaya daşınan yüklər indi Güney Qafqaz ərazisindən keməyə başlayıb. Bu da Xəzər və Qara dəniz limanlarının əlavə yüklənməsinə səbəb olub. Burada Azərbaycanla Gürcüstanın öz nəqliyyat infrastrukturunu inkişaf etdirməsi zərurəti yaranır. Orta Asiya ölkələri, xüsusən də Özbəkistan həm də trans-Qafqaz nəqliyyat yolundan, örnək üçün, Zəngəzur dəhlizindən istifadədə maraqlıdır”, – deyə F.Tolipov bildirir.

Azərbaycanla Özbəkistanın tərəfdaşlığı “qardaş xalqlar” işığında

Özbəkistanlı təhlilçi deyir ki, “Azərbaycanla Özbəkistanın strateji tərəfdaşlığı “qardaş xalqlar” termini ilə ifadə edilən normativ, dəyər faktoru ilə harmonik şəkildə möhkəmləndirilir. Bu termin Orta Asiya ölkələrinin münasibətlərində uzun illərdir geniş şəkildə işlədilir. Azərbaycanlılarla özbəklər ortaq tarixi köklər, dil və mədəniyyət yaxınlığı baxımından doğrudan da qardaş xalqlardır. Bu isə öz növbəsində qarşılıqlı siyasi empatiya üçün xüsusi imkanlara şərait yaradır”.

Ürgenc hava limanında qarşılanma
Ürgenc hava limanında qarşılanma

İlham Əliyevin səfəri rəqiblərə bir ismarıcdır

“Prezident İlham Əliyevin Özbəkistana səfəri tarixi adlandırılır. Doğrudan da səfər keçmiş Sovet məkanındakı həyəcanlı qarmaqarışıqlıq anında keçdi. Ona görə də bu səfəri bir növ dünya ictimaiyyətinə və qonşu dövlətlərə, potensial rəqiblərə özünəməxsus ismarıc kimi də qəbul etmək olar. Yəni bundan sonra bu iki dövlət təhlükəsizlik məsələləri və öz xalqlarının inkişafı naminə güc birliyi məqsədilə bir-birinə dəstək olacaq, müxtəlif görsəniş və təhdidlərə qarşı birgə hərəkət edəcək” deyir F.Tolipov.

Azərbaycan bölgənin məsuliyyətli subyektidir

Həmsöhbətimiz sonra əlavə edir: “Aydındır ki, Azərbaycanın bölgədəki ciddi geopolitik oyunçu rolu və beynəlxalq münasibətlərin məsuliyyətli subyekti olması hazırda Avropa, ABŞ və Çində getdikcə daha çox diqqət çəkməkdədir. Bu, özəlliklə də 2020-ci ilin Qarabağ savaşındakı qələbədən sonra davamlı şəkildə müşahidə edilməkdədir. Ona görə də düşünürük ki, Azərbaycan-Özbəkistan strateji tərəfdaşlığı iki ölkənin – Güney Qafqazda Azərbaycanın, Orta Asiyada isə Özbəkistanın imicini iki bölgəni effektiv birləşdirən dövlətlər kimi daha da möhkəmləndirə bilərdi”.

“Bundan çıxış edərək demək olar ki, gələcəkdə TRACEKA və GUÖAM layihələrini bərpa etmək olardı. Onlar da Türk Dövlətləri Təşkilatıyla birlikdə hər iki bölgənin ölkələrinin və xalqlarının müstəqilliyinin, suverenliyinin, təhlükəsizliyinin və inkişafının möhkəmlənməsinə faydalı ola bilərdi” deyərək F.Tolipov fikirlərini tamamlayır.

Mission News Theme by Compete Themes.